Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) son günlərdə Lionel Messi ilə danışıqları yenidən bərpa edib. Məqsəd argentinalı ulduz futbolçunu Səudiyyə Pro Liqasına gətirməkdir.
Bizim.Media xəbər verir ki, TEAMtalk-ın əldə etdiyi məlumata görə, tərəflər arasında şifahi danışıqlar aparılır. 2023-cü ildə bir neçə aylıq danışıqlardan sonra Messi MLS-in “İnter Mayami” klubunu seçmişdi. İndi isə Səudiyyə tərəfi yeni cəhdə başlayıb.
Messinin müqaviləsi bu ilin sonunda başa çatır və o, 1 iyuldan istənilən kluba azad agent kimi qoşula bilər.
Səudiyyə Ərəbistanının Messiyə marağı hələ də qüvvədədir. Belə ki, bu ölkə Messini Kristiano Ronaldo ilə yanaşı liqanın simasına çevirmək istəyir.
Qeyd edək ki, Ronaldo hazırda Əl-Nəsr klubunda qalmağa daha yaxındır. Klub onun tələblərini qəbul etməyə hazırdır.
Messi ilə tərəflər arasında bərpa olunan bu təmaslar hələ ilkin mərhələdədir. Heç bir razılaşma yoxdur, lakin danışıqlar qapısı artıq açılıb.
Hazırda Messi “İnter Mayami” klubunda çıxışını davam etdirir və həm MLS, həm də Klublararası Dünya Çempionatında qarşıdakı oyunlara tam fokuslanıb. Amma Səudiyyə fondu bu dəfə fərqli nəticəyə ümid edir.
Messinin Səudiyyə Pro Liqasında hansı klubda oynayacağı hələ müzakirə olunmayıb. PIF əvvəlcə Messinin bu keçidə necə yanaşdığını öyrənmək istəyir. Yalnız Messi müsbət cavab verərsə, dörd klub – Əl-Əhli, Əl-Hilal, Əl-İttihad və ya Əl-Nəsr arasından uyğun seçim müzakirə olunacaq. Lakin bu, yalnız növbəti mərhələdə baş tutacaq.
Lionel Messi Səudiyyə Pro Liqası haqqında nə deyib?
PSJ ilə Avropa karyerasını bitirdikdən sonra Messinin qarşısında Səudiyyə Pro Liqası və MLS kimi iki seçim vardı. O, MLS-i seçdi, lakin daha əvvəl Səudiyyə variantını ciddi şəkildə nəzərdən keçirdiyini etiraf etmişdi.
2023-cü ilin dekabrında TIME jurnalına verdiyi müsahibədə Messi demişdi:
“Səudiyyə liqasına getməyi çox ciddi düşünürdüm. Mən ölkəni tanıyıram və orada çox güclü klublar yaradılıb. Mən ölkənin turizm səfiriyəm və bu, mənim üçün cəlbedici bir istiqamət idi – həm gördüklərimdən razı qaldığım üçün, həm futbolun inkişaf tempinə görə, həm də yüksək səviyyəli liqa yaratmaq üçün göstərilən səylərə görə.”
Messi və Ronaldo 2018-ci ildən bəri eyni liqada oynamayıblar. O vaxt Ronaldo “Real Madrid”dən ayrılmış, Messi isə “Barselona”da qalmışdı.
Bizim.Media