Son günlər “Qaradağ-Lökbatan” klubunun ətrafında müxtəlif söz-söhbətlər gəzir. Birinci Liqada sonuncu yeri tutaraq diviziona düşən komandanın fəaliyyətini dayandıracağı deyilir. Bildirilir ki, klub rəhbərliyi komandanın ikinci liqada oynamağını istəmir.
Məsələ ilə bağlı “Qaradağ-Lökbatan” klubunun baş məşqçisi Amit Quluzadə ilə əladə saxladıq.
Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduğunu deyən mütəxəssis onlara hələ konkret bir məlumat deyilmədiyini söyləyib:
“Sözün düzü, belə bir məsələnin olduğunu bilirik. Yəni klub fəaliyyətini dayandıra bilər. Ancaq hələ ki, bunlar yalnız gəzən söz-söhbətlərdir. Nə bir baş məşqçi kimi mənə, nə də futbolçulara bu barədə deyən olub.
Təbii ki, bunu heç birimiz istəmirik. Çünki klub artıq neçə ildir ki, fəaliyyət göstərir, birinci liqada çempionluq uğrunda daima mübarizə aparıb, müəyyən dəsti-xətti var. Həm də bu klubun fəaliyyət göstərməsi ilə 50-yə yaxın ailə dolanır. Sözsüz ki, klub dağılsa, həmin insanlar işsiz qalacaqlar. Ancaq inanmaq istərdim ki, nə rəhbərlik, nə də AFFA “Qaradağ Lökbatan”ın dağılmasına imkan verəcək”.
Rəşad Rafiqoğlu, Bizim.Media