Bir neçə ildir ki, Qusar şəhər stadionu azarkeşlərin üzünə bağlanıb. Buna səbəb yeni arenanın inşası ilə bağlıdır. Ancaq stadionda müəyyən işlər görüldükdən sonra tikinti yarımçıq dayandırılıb.
Bəs görəsən stadionun tikintisi niyə dayandırılıb və işlər nə vaxt bərpa olunacaq?
MÖVZU İLƏ BAĞLI:
Qusar stadionu Etibar Piriverdiyevin inhisarından ÇIXARILDI – Təmir işlərinə start verildi - FOTO
Məsələ ilə bağlı “Şahdağ Qusar” klubunun direktoru Elçin Cananov Bizim.Media-ya açıqlamasında bildirib ki, stadionun tikintisi sırf texniki məsələlərlə bağlı dayandırılıb:
“Doğrudur, şəhər stadionunda tikinti işləri dayandırılıb. Bu da sırf texniki məsələlərlə bağlıdır. Sadəcə olaraq müvafiq qurumlar stadionun sənədləşməsi ilə bağlı işlər aparır.
Sənədləşmə prosesi başa çatdıqdan sonra tikinti işləri bərpa olunacaq. Biz özümüz də istəyirik ki, stadion hazır olsun və “Şahdağ Qusar” tezliklə doğma meydanda rəqiblərini qəbul etsin. İnanıram ki, arenada işlər tez bir müddətdə başa çatdırılacaq”.
Qeyd edək ki, “Şahdağ Qusar” müvəqqəti olaraq rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edir.
Bizim.Media