Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki oyun keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün ilk matçında autsayder "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"ASCO Arena" keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
53 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 20 xalla sonuncu - onuncudur.
Turun mərkəzi görüşü "Bank Respublika Arena" baş tutacaq. "Sabah" və "Qarabağ" kollektivlərinin duelində Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Belə ki, 76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.
"Bayquşlar" 39 xalla beşinci sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.
Bizim.Media