Birinci divizionda oynayan “İmişli” klubu Premyer Liqada oynamaqda israrlıdır. Hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan bölgə təmsilçisi AFFA-nın lisenziyalaşdırma ilə bağlı bütün tələblərini yerinə yetirib.
Bu barədə Bizim.Media-ya açıqlama verən klubun icraçı direktoru Aqşin Mürsəlov Premyer Liqa üçün iddialı klub formalaşdırmaq istədiklərini dedi:
“AFFA-nın lisenziyalaşadırma tələbləri arasında düzgün və şəffaf maliyyə hesabatı vacib sayılır.
Bunun üçün federasiya bütün klublara vaxt vermişdi. Həmin vaxtın son saatınadək işləyib bütün hesabatlarımızı təhvil verdik. İndi həmin tələblər baxımından heç bir problemimiz yoxdur.
Əsas problemimiz infrstrukturla bağlıdır. Daha doğrusu, stadionla bağlı PFL nümayəndələri də bir neçə dəfə stadiona baxış keçiriblər. Xüsusilə ot örtüyünün yenilənməsi vacibdir. Digər problem işıq sisteminin olmaması ilə bağlıdır. Həmçinin stadionun təmirə də ehtiyacı var. AFFA klublara infrastrukla bağlı 1 il vaxt verib. Çalışacağıq ki, həmin müddət ərzində bu problemləri həll edək. Əgər mövsümün əvvəlinə qədər çatdırmasaq, yəqin ki, müəyyən oyunlarımızı başqa stadionda keçirəcəyik.
“İmişli” olaraq Premyer Liqa üçün yaxşı heyət formalaşdırıb, iddialı komanda yaradacağıq”.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin qərarı ilə növbəti Premyer Liqada Birinci Liqadan gələn 3 komanda mübarizə aparmalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media