Premyer Liqada sonuncu pillədə qərarlaşan “Səbail” klubunda işlər heç də yaxşı getmir.
Bizim.Media xəbər verir ki, göstərilən zəif nəticələr klubun əsas sponsoru olan ASCO-ya da təsir edib.
İddialara görə, ötən mövsümün nəticələrindən narazı qalan dövlət şirkəti bu mövsüm büdcəni əhəmiyyətli dərəcədə azaldıb.
Bu azmış kimi himayədarların komanda aşağı diviziona düşəcəyi halda “Səbail”in maliyyələşdirilməsini dayandıracağı barədə söz söhbətlər də gəzir.
İddialara aydınlıq gətirmək üçün klubun özü ilə əlaqə saxladıq.
Komandanın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Bizim.Media-ya açıqlamasında sponsorun klubdan imtina etmədiyini və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Bizim ASCO ilə müqaviləmiz var və onlar da öhdəliklərini yerinə yetirir. Hər ay futbolçuların və texniki heyətin maaşları vaxtı-vaxtında verilir. İnanın ki, heç bir gecikmə baş vermir. O ki qaldı birinci liqaya düşməyimiz halda ASCO-nun klubdan imtina edəcəyi məsələsinə, bu barədə hələ heç nə deyə bilmərəm.
Azərbaycanda klub idarəçiliyi belədir ki, tək sponsorun ümidinə qalanda heç nəyə güman yoxdur. Tək bizdə deyil, bütün klublarda belədir. Yəni sabah nələrin baş verəcəyini heç kim deyə bilməz”.
Klub rəsmisi stadiondan və formaların üzərindən sponsorun adının çıxarılmasını isə ASCO-nun marketinq strategiyası ilə bağlı olduğunu vurğulayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media