Cənubi Azərbaycanıın “Traktor” klubu tarixində ilk dəfə İran çempionu olmağa çox yaxındır. Sona 6 tur qalmış təbrizlilər ən yaxın rəqibindən 5 xal öndədir. Ötən həftə “Traktor” komandası evdə “Esteqlal Tehran”ı məğlub edib – 2:1. Bununla da “Traktor” xallarının sayını 54-ə çatdıraraq liderliyini möhkəmlədib.
Onların ən yaxın izləyicisi “Sepahan”ın 49 xalı var.Və rəqib komanda təbrizlilərdən bir oyun daha çox keçirib. Bu da o deməkdir ki, “Traktor” tarixi uğura imza atmağa çox yaxındır.
Bunu görən yerli azarkeşlər sevimli komandasının hər oyununa böyük coşqu və sevinclə gəlirlər. Təsadüfi deyil ki, son oyuna 120 min azarkeş gəlib. Onların 50 mini stadiondan kənarda oyunu izləyib.
Qeyd edək ki, Təbrizin "Traktor" futbol klubu “Borrusiya Dortmund”, “Barcelona”, “Bavaria” və “Manchester United”dən sonra 5-ci ən çox azarkeş toplayan klubudur. "Transfer Market" vebsaytının hesablanmasına görə “Traktor” komandası hər oyununa stadionda ortalama hesabla 67,000 azarkeş toplayır.
Təbii ki, güneyli soydaşlarımızın hər bir uğuru bizlərin də uğurudur. Amma məsələyə bir qədər dərindən nüfuz edəndə ortaya xoş olmayan mətləblər çıxır. Onlardan biri də “Traktor”un çempionluğa daşınmasının arxasındakı məkrli plandır.
Məlumdur ki, yarandığı gündən bu komandanın haqqı yeyilib. Molla-fars rejiminin göstərişi ilə dəfələrlə çempionluq haqqı təbrizlilərdən alınıb. Amma bu dəfə nəsə proses tərsinə gedir. Hətta Tehranı təmsil edən güclü komandalar belə “Traktor”a boyun əyir.
Bu da onu göstərir ki, “Traktor”un çempionluğa daşınmasının arxasında başqa məqsədlər var.
İranda nə baş verir?
Nəzərə alaq ki, bu gün İrandakı rejimin başında dayananlar milliyətcə azərbaycanlılardır. Həm ali dini lider Seyid Əli Xameneyi, həm də prezident Məsud Pezeşkian türk kökənlidir. Amma dini və siyasi rəhbərlik azərbaycanlıların əlində olsa da, ölkədə fars şovinizminin müəyyən etdiyi siyasi xətt yürüdülür.
Bir ovuc erməniyə hər cür imkan yaradan molla-fars rejimi 40 milyona yaxın azərbaycanlıya çox az hüquq tanıyıb. Bu günədək azərbaycanlıların öz dillərində məktəbi, mətbuatı yoxdur. Hətta son prezident seçkilərində Məsud Pezeşkian da söz vermişdi ki, Azərbaycan dilində məktəblər açacaq. Lakin bir ilə yaxın hakimiyyətdə olmağına baxmyaraq, bu vəd Pezeşkianın yadına düşmür.
Deməli İranda gizli və qorxunc proseslər gedir...
Məlumdur ki, fars rejimi bütün dünyada birmənalı şəkildə qəbul edilmir. Baxmayaraq ki, İran anqlo-saksların tapşırıqlarının icraçısıdır. Üzdə İsrail və ABŞ-ı lənətləyən molla-fars rejimi əslində Qərbdən gələn tezislərə əsasən fəaliyyət göstərir.
Təsadüfi deyil ki, bu gün İran dünyaya yeni bir İslam təqdim edir. Molla-fars rejiminin təqdim etdiyi bu İslam dünyanın digər müsəlman ölkələrindəki dini dəyərlərlə qətiyyən uzlaşmır.
Bundan əlavə İran dünyanın bütün müsəlman dövlətləriylə siyasi mübarizə aparır. Bu gün fars rejiminin 22 ərəb dövlətindən yalnız Omanla isti münasibəti var. 6 Türk dövləti ilə də İranın münasibəti arzuolunan səviyyədə deyil. Eləcə də sərhəd qonşusu olan Əfqanıstan və Pakistanla münasibətlər çox gərgindir. Uzaq müsəlman dövlətləri ilə də münasibətlər anormaldır.
Di gəl ki, qeyri-müsəlman dövlətləri ilə İran çox isti münasibətlərdədir.
Məsələn, Ermənistan, Rusiya, Hindistan, Çin kimi dövlətlər İranın əsas tərəfdaşlarıdır. Hələ Qərbin bəzi xristian ölkələri ilə qurulan gizli əməkdaşlığı demirik.
Bir sözlə, İran İslam dünyasında bir pozucu qüvvədir. Bu dövlətin hədəfi İslam həmrəyliyini, müsəlman dostluğunu kökündən məhv etməkdir. Və ötən 46 ildə rejim buna qismən də olsa nail olub. Bu gün rəsmi Tehranın apardığı siyasət hesabına İsrail və onun arxasında dayanan böyük güclər Yaxın Şərqdə müsəlmanların qanına bais olur.
Dəfələrlə qeyd etmişik ki, nə İsrail, nə də ABŞ İrana qarşı müharibə etməyəcək. Amma hər gün bu müharibənin başlayacağı ilə bağlı Qərb mətbuatında anonslar verilir. Təbii ki, bu informasiyalar məqsədli şəkildə dövriyyəyə buraxılır və əsas məqsədlər kölgədə saxlanılır.
Qərbin və İranın yeni hədəfi
Son 46 ildə molla-fars rejimi Ərəb ölkələri arasında bir çox münaqişələrə səbəb olub. İndi də bu siyasət davam edir. Tək bir faktı xatırladaq ki, Bəşər Əsəd ölkəsindən qaçarkən Suriyanın bütün strateji və hərbi obyektlərinin dəqiq xəritəsini MOSSAD-a verdi. Halbuki Bəşər Əsəd İranın ən yaxın dostu, qardaşı idi. Bu gün verilən xəritələr üzrə hərəkət edən İsrail Suriyada Türkiyəni hədəf alıb.
Deməli, İranın növbəti hədəfi Türk dövlətləri arasında nifaq salmaqdır. Məlumdur ki, son illərdə Türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələr uğurla inkişaf edir. Hətta Macarıstan da bir Türk dövləti kimi bu birlikdə çox aktiv təmsil olunur. Qürurla demək lazımdır ki, Türk Dövlətləri Təşkilatı artıq Beynəlxalq gücə çevrilib. Həm Qərb, həm də Çin və Hindistan Türk dövlətləri ilə hesablaşmaq məcburiyyətində qalıb.
Bu isə qlobal güclərin heç də ürəyincə deyil.
Ona görə də TDT-ni zəiflətmək üçün anqlo-sakslar yeni layihə hazırlayıb. Bu layihəyə əsasən İran artıq bir fars yox, türk dövləti kimi gözə soxulur. Bunun üçün də gözə görünəcək əsaslar hazırlanır. Artıq qeyd etdiyimiz kimi İranın siyasi və dini rəhbəri azərbaycanlılardır. Amma bu yetərli deyil. Sadə xalqı da bu prosesə qoşmaq lazımdır.
Bunun üçün də kütləviliyi təmin edəcək ən unikal yol idmandan keçir. Məlumdur ki, “Traktor”un on milyonlarla azarkeşi var. Və bu komanda bu il ölkə çempionu olsa, o zaman bu qədər azarkeş kütləsi Qərbin yeni və qorxunc layihəsinin bir parçasına çevriləcək.
İranda belə bir ideoloji xətt qabardılacaq ki, artıq İran fars yox, Türk dövlətidir. Bundan sonra isə bir “türk dövləti” kimi İran TDT-yə qoşulmağa çalışacaq. Eyni zamanda, Türk dövlətləri ilə münasibətlərin istiləşdiyi fonu yaradılacaq. Bütün bunların son hədəfi isə güclənən Türk birliyini içəridən dağıtmaq, parçalamaqdır.
Ona görə də sona 6 tur qalmasına baxmayaraq“Traktor”un çempion olacağı çox inandırıcı görünür.
Surxay Atakişiyev, Bizim.Media