Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Gənclər və İdman İdarəsinin işçi kollektivi, idman sahəsini təmsil edən gənclər və məşqçi müəllimlər iştirak edib.
Görüşdən əvvəl Qusar rayon Heydər Əliyev Mərkəzində şagirdlərin idman sahəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Sahir Məmmədxanov görüş iştirakçılarını Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Gənc nəslin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edən rayon rəhbəri idmanın kütləviliyinin təmin edilməsi, inkişafı istiqamətində görüləcək işlərdən bəhs edib.
Görüş iştirakçıları rayon ərazisində stadionun istifadəyə verilməsi, ağır atletika, qol güləşi, üzgüçülük kimi idman növləri ilə məşğul olmaq üçün əlverişli şəraitin yaradılması və digər məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinə çatdırıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.