İsveç yığmasının aparıcı futbolçularından olan Entoni Elanqanın UEFA Millətlər Liqasının son iki turunda Slovakiya və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunlara dəvət almamasının səbəbi müəyyənləşib.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, “Nottingem Forest”in hücumçusu intizamsızlıq səbəbindən heyətdən kənarda qalıb.
Ötən ay Slovakiya (2:2) və Estoniya (3:0) ilə qarşılaşmalarda ehtiyatda qalan 22 yaşlı forvard Tallindəki matçın ardından baş məşqçi Yon Dal Tomassonun təşkil etdiyi şam yeməyinə qatılmayıb. Halbuki danimarkalı mütəxəssis bütün heyətin bir arada olmasını tapşırıb.
Elanqanın bu hərəkəti Tomassonu qəzəbləndirdiyindən, futbolçu qarşıdakı matçlara çağırılmayıb.
Qeyd edək ki, İsveç yığması noyabrın 16-da Slovakiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media