"Qarabağ” Futbol Klubu, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, bu təşəbbüs COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib.
Tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.
Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılacaq və alyansda yer alan tərəfdaş klublar öz təcrübələrini paylaşacaqlar.
Tədbirin detalları və alyansa qoşulan klublar barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media