“Zaqatala” futbolçuları qadın hakimin əlini sıxmaqdan niyə İMTİNA EDİBLƏR? – VİDEO

“Zaqatala” futbolçuları qadın hakimin əlini sıxmaqdan niyə İMTİNA EDİBLƏR? – VİDEO

Hazırda oxunan: “Zaqatala” futbolçuları qadın hakimin əlini sıxmaqdan niyə İMTİNA EDİBLƏR? – VİDEO

211306

Sosial şəbəkələrdə yayılmış bir video geniş müzakirələrə yol açıb. Belə ki, futbol üzrə birinci I liqa təmsilçisi olan ”Zaqatala” futbol komandasının bəzi üzvləri oyun başlamazdan əvvəl  “fairplay” qaydalarını pozaraq qadın hakimlərlə əl-ələ görüşməkdən imtina ediblər. Bu zaman qadın hakimlərin əlləri havadan asılı qalıb.

Futbolçuların bu davranışına səbəb nədir?

Məsələ ilə bağlı “Zaqatala” futbol komandasının baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, futbolçunun hakimlə əl-ələ görüşməsi vacib deyil:

“Mən şəxsən görüşürəm. Amma hansısa futbolçum hakimlə görüşmürsə, buna görə ona irad bildirə bilmərəm. Əgər bu qayda pozuntusudursa, o zaman komanda AFFA tərəfindən cəzalandırmalıdır. Amma mən heç kimi məcbur edə bilmərəm ki, hökmən hakimlə əl görüş. Bu futbolçunun şəxsi işidir”.

Məsələ ilə bağlı tanınmış hakim Xəqani Məmmədovun da fikrini öyrəndik. O da futbolçular üçün belə bir məcburiyyətin olmadığını deyib:

“Amma UEFA-nın reqlamentinə görə, oyun başlamazdan əvvəl futbolçular hakimlərlə əl görüşməlidirlər. Bu bir təlimatdır, tövsiyədir”.

Bəs, dini qaydalara görə kişi qadınla əl-ələ görüşməlidirmi?

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, islam dinində qadın - kişi münasibətləri məhrəm, naməhrəm təsnifatına bölünür:

“Naməhrəm o şəxsdir ki, onunla evlənmək caizdir. Naməhrəm olanlarla cinsi hissləri təhrik edəcək yaxud kənardan mənfi qarşılanacaq üsulda görüşmək məqbul deyil. Amma rəsmi görüş, yarış, protokol qaydalarına uyğun olaraq əl tutuşmaqda normal adam üçün nöqsan yoxdur. Bəziləri qadının ona əl uzatdığı halda onun əlini havada qoyur. Bunun özü islam əxlaqına zidd olan əməldir, hörmətsizlikdir. Məgər o qadına ani olaraq əl verən kişidə o saat cinsi hisslər yaranır?

Bu, niyyətə bağlıdır. Əgər niyyəti safdırsa, o qadına ana, bacı gözü ilə əl uzadırsa, burada qəbahət ola bilməz. Bəzi yarışlarda, oyunlarda, görüşlərdə özünü guya qatı dindar sayan adamlar qadınlara qarşı bu cür kobudluğa yol verirlər. Onda sual yaranır: necə olur ki, şort geyinmiş, açıq-saçıq qadınlarla bir meydançada oyun oynayırlar, onlara baxırlar, yaxud onların hakimliyi ilə saatlarla eyni meydanı bölüşürlər, lakin sonda salamlaşmada onların əllərini havada buraxırlar?! Normal düşünən, niyyəti çirkin olmayan kişinin qadınlarla əl-ələ görüşməsində heç bir problem yoxdur”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO