Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi – FOTO

Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi – FOTO

Hazırda oxunan: Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi – FOTO

210080

Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda birinciliyə start verilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın rəsmi açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən NVF prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov qonaqları salamlayaraq turnirin məqsəd və əhəmiyyəti barədə danışıb, təəssüratlarını bölüşüblər.


Naxçıvanın 100 illik muxtariyyəti ilə bağlı tarixi faktlar sadalanıb, Türkiyənin muxtariyyətin qorunub saxlanılmasındakı rolu, ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda buradan başlayan qurtuluş mübarizəsi və xalqın güvəni ilə Azərbaycana bəxş etdiyi mühüm siyasi nailiyyətlər, eyni zamanda Prezident İlham Əliyevin layiqli davamçılıq missiyasından danışılıb. Rəsmilər köklü ənənənələrə, müasir inkişafa və böyük uğurlara malik idman ölkəsi kimi  Azərbaycanın dünya müstəvisində önəmli mövqeyə, etimada sahib olduğunu bilidirib, dövlət idman siyasətinin uğurlu icrası sayəsində əldə olunan uğurlardan söz açıblar. Əlavə olunub ki, dövlətimizin dəstəyi ilə muxtar respublika idmanı yüksək dinamika ilə inkişaf etməkdədir, ulu diyarda idman infrastrukturu genişləndirilir, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı işlər icra olunur. 


Bunun nəticəsi olaraq idmançılarımız tərəfindən ölkə və dünya səviyyəli yarışlarda tarixi nəticələr əldə olunur. Məcid Seyidov bildirib ki, NVF-dəki struktur dəyişikliyindən ötən bir il ərzində Naxçıvan voleybolunda faydalı strategiyaya əsaslanan önəmli işlər görülüb, mühüm yeniliklər yaşanılıb. Federasiyanın nazirliklə, AVF ilə qurduğu uğurlu əməkdaşlıq əlaqələri, eləcə də birbaşa fəaliyyəti nəticəsində ictimaiyyət bu sahədə dayanıqlı inkişaf müşahidə edir.

Nazir müavini qızların idmana cəlbi və bu konteksdə yığma komandanın formalaşdırılması, yarışlarda, təlim-məşq toplanışlarında iştirak, ölkə millisinə çıxışın əldə olunması  Naxçıvanda qadın idmanının inkişafına töhfə kimi qiymətləndirib. 


Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərinindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin “Muxtariyyət kuboku”na Türkiyə klublarının dəvət olunmasına görə təşəkkürünü bildirib. Qonaq bunu ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin son vaxtlar daha da güclənən idman əlaqələrinin inkişafı baxımından yüksək dəyərləndirib. 

Çıxış edənlər komandaları əlamətdar hadisə münasibətilə təbrik edib, baxımlı idman mübarizəsi və uğurlar arzulayıblar. 
 

Sonra komandaların təntənəli keçidi reallaşıb. “Naxçıvan” komandasının kapitanı Zeynəb Babayeva tərəfindən digər klub kapitanlarına rəmzi hədiyyələr təqdim edilib. Mərasimdən sonra “Naxçıvan” və “Sumqayıt” açılış oyunu üçün meydanda olublar. Görüş ev sahibi komandanın 2:0 hesablı (25:16, 25:10) hesablı üstünlüyü ilə tamamlanıb. 


Qeyd edək ki, ilk oyunun iştirakçıları “Əskişəhər” və “Tovuz”la birgə “A” qrupunda mübarizə aparır. “B” qrupunda isə U-16 Azərbaycan millisi, “Gəncə”, “Şərqi Zəngəzur” və “İğdır” komandaları qərarlaşıb. Turnirin son günü – 7 sentyabrda final və üçüncülük oyunları keçiriləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO