“Qarabağ” Azərbaycan Premyer Liqasında ən dəyərli heyətə sahib komandadır.
Bizim.Media xəbər verir ki, “atlılar”ın heyətinin ümumi qiyməti 20,78 milyon avrodur.
Komandanın ən bahalı futbolçusu hücumçu Olaviyo Juninyodur. Braziliyalı forvardın “transfermarkt”da qiyməti 2 milyon avrodur.
İkinci sırada yeni transfer Aleksey Kaşuk yer alıb. Ukraynalı vingerin “bazar dəyəri” 1,80 milyon avrodur.
“Üçlüy”ü 1,5 milyon avro ilə polşalı qapıçı Mateuş Koxalski tamamlayır.
Premyer Liqada ikinci ən dəyərli heyət “Neftçi”dədir. Mövsümə uğursuz start verən və 5 turda qələbə qazana bilməyən “ağ-qaralar”ın ümumi heyətinin dəyəri 13,23 milyon avrodur.
Üçüncü sırada isə “Sabah” yer alıb – 11,93 milyon avro. Premyer Liqada ən aşağı qiymətli heyət isə “Şamaxı”dadır. Bu mövsümdən elitada çıxış edən “şirlər”in ümumi dəyəri 2,48 milyon avrodur.
Rəşad Rafiqoğlu, Bizim.Media