"Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Q.Qurbanov yeni transfer axtarışında olduqlarını söyləyib:
"Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik.
Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik".
Bizim.Media