“Qarabağ” “Dinamo” səddini keçə biləcəkmi? – Ekspertlər arasında SORĞU

“Qarabağ” “Dinamo” səddini keçə biləcəkmi? – Ekspertlər arasında SORĞU

Hazırda oxunan: “Qarabağ” “Dinamo” səddini keçə biləcəkmi? – Ekspertlər arasında SORĞU

207548

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi çərçivəsində “Qarabağ” Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Olduqca gərgin və maraqlı keçəcəyi gözlənilən oyun barədə Bizim.Media bəzi idman ekspertlərinin rəyini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın oyununu TRT də canlı yayımlayacaq


İdman şərhçisi Rövşən Binnətli tərəflərin şanslarını bərabər qiymətləndirib: 

“Qarabağ”ın “Dinamo” səddini keçməsi mümkündür. “Qarabağ” mübarizəni dayandıra bilərmi? Bu da istisna deyil. Yəni qrup mərhələsinə vəsiqə üçün şanslar bərabərdir. “Qarabağ”ın üstünlüyü ondadır ki, komandada Avrokubok ab-havası var, artıq yarışlarda 4 oyun keçirib. “Dinamo Zaqreb" isə yalnız ölkə çempionatında mübarizə aparıb. 

Amma yaddan çıxarmayacaq ki, bu Xorvatiya təmsilçisidir, futbol ölkəsidir və “Dinamo” öz meydanında oynayacaq. Onlar həm fiziki güc, həm texniki oyuna üstünlük verirlər. Bir sözlə olduqca gərgin mübarizə vəd edən bir qarşılaşma olacaq. Yekunda “Qarabağ”ın mərhələni keçəcəyinə Azərbaycan futbol tarixində ikinci dəfə ölkəmizi klub turnirinin şahı olan Çempionlar Liqasında təmsil edəcəyinə inanmaq istərdik”. 

İdman şərhçisi Rəşad Rafiqoğlu isə bildirib ki, “Qarabağ”ın “Dinamo”nu keçmək imkanları realdır: 

“Əvvəla, ona görə ki, komanda hazırda çox yaxşı formadadır. “Ludoqorets”lə son oyunda qazanılan böyükhesablı qələbə futbolçuların psixoloji vəziyyətini xeyli yaxşılaşdırıb. Digər tərəfdən, rəqib Ağdam klubunun “dişinə” görə rəqibdir. Gəlin etiraf edək ki, “Dinamo” əvvəlki kimi güclü və təhlükəli deyil. “Qarabağ” öz oyununu oynasa və rəqibə ciddi yanaşsa, yəni arxayınlaşmasa, “Dinamo”nu keçə bilər. Artıq 3-cü dəfədir ki, klubumuzun Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansı var və bu imkanı dəyərləndirmək lazımdır. 

“Dinamo”nun bir üstünlüyü var ki, o da Avrokuboklarda, xüsusən də, Çempionlar Liqasında iştirakla bağlı təcrübəsidir ki, fikrimcə bu “Qarabağ” üçün ciddi maneə olmamalıdır. Qısası hesab edirəm ki, Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıdıb, Bakıdakı qarşılaşmaya da yüksək əhval-ruhiyyə ilə çıxacaq”.

İdman jurnalisti Vüqar Nəzərovun sözlərinə görə, “Qarabağ” futbolumuz üçün vacib olan daha bir tarixi oyuna çıxacaq: 

“Komandamız Çempionlar Liqasının qrup mərhələsində oynamağa yaxındır. Əslində, rəqib də “Qarabağ”ın gücünə uyğundur. Belə həlledici mərhələdə ilk oyunun səfərdə olması bizim üçün üstünlükdür. Ümumilikdə, “Qarabağ”ın oyunlarına nəzər yetirdikdə komandamızın səfərdə daha uğurlu çıxış etdiyini görə bilərik. 

“Ludoqorets” üzərində inamlı qələbə play-off-da da ümidlərimizi xeyli artırıb. Əslində, “Dinamo” və “Ludoqorets” demək olar ki, eyni səviyyədə olan komandalardır. “Qarabağ” öz intizamlı oyununu Zaqrebdə də göstərə bilsə, qrup mərhələsinin qapılarını böyük ölçüdə açmış olacaq. İnanıram ki, komandamız Bakıya sərfəli nəticə ilə qayıdacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO