"Qarşıya qoyulan minimum məqsədə çatdıq" - Qurban Qurbanov

"Qarşıya qoyulan minimum məqsədə çatdıq" - Qurban Qurbanov

Hazırda oxunan: "Qarşıya qoyulan minimum məqsədə çatdıq" - Qurban Qurbanov

204339

"Olimpiya çempionumuzu təbrik edirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət Heydərova uğurlar arzulayıram, ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə futbolçularıma təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün Bakıda "Linkoln"a qalib gəldikləri oyundan (5:0) sonra mətbuat konfransında deyib.

O, stadiondan oyunu canlı izləyən Aleksey Kaşukla maraqlanadıqlarını bildirib:

"Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib".

Q.Qurbanov növbəti mərhələdə rəqibləri ola biləcək hər iki komandanın ("Ludoqorets, "Dinamo") yaxşı təsir bağışladığını deyib: "Hansı rəqib düşsün deyə düşünməmişəm. Oyunlarına baxdım. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. "Ludoqorets" hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo"nun aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Hər iki komandanın öz özəliyi var. Gözləyək ki, hansı rəqib olacaq".

Q.Qurbanov Misli Premyer Liqasında yeni mövsümdən gözləntiləri haqda da danışıb:

"Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də mövsümün əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. "Linkoln"la oyunlarda bəzi futbolçularda yorğunluq var idi.  Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq".

"Qarabağ"ın çalışdırıcısı ardıcıl 11-ci dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlsələr də bununla kifayətlənməli olmadıqlarını qeyd edib:

"Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik ki, bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır". 

Q.Qurbanov AFFA Hakimlər Komitəsinə belçikalı mütəxəssis Frank de Blekerin sədr təyin olunmasına da münasibət bildirib:

"İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri...
 

Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq. Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun.


Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO