MOK-un vitse-prezidenti: “Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur”

MOK-un vitse-prezidenti: “Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur”

Hazırda oxunan: MOK-un vitse-prezidenti: “Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur”

204189

Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, 28 yaşlı idmançının fəxri kürsünün ən yüksək pilləsi uğrunda çox əziyyət çəkdiyini bildirib:

"Ağır döyüşlər keçirdi. Fransalı idmançıya qarşı əzmkar mübarizə nümayiş etdirdi. Demək olar ki, əsl xarakter və tam şəkildə bacarığını göstərə bildi. Bunun sayəsində qalib gəldi. Mən inanıram ki, onun qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Bu gün əsl bayramdır. Bu, ilk uğurumuzdur, amma ümid edirəm ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik".

MOK rəsmisinin sözlərinə görə, H.Heydərovun məhz fransız idmançı üzərində qələbə qazanması fərəh hissinə səbəb oldu:

"Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Buna baxmayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himnimiz səslənən zaman ayaqüstə alqışladılar. Bu, doğurdan da qürurverici və unudulmaz bir an idi".

Çingiz Hüseynzadə Paris Olimpiadasında iştirak edən digər idmançılarımızın da şanslarını dəyərləndirib:

"Bildiyimiz kimi, boksçumuz Alfonso Dominqes (92 kiloqram) çox çətin rəqibə qarşı mübarizə apardı və nəticədə qalib gəldi. Digər növlərdə ölkəmizi təmsil edən idmançılarımızdan da yüksək nəticələr görmək istəyirik. Təbii ki, Olimpiada kimi mötəbər turnirdə sadəcə medal qazanmaq deyil, 5-6-cı yer tutmaq belə böyük uğur sayılır. Basketbolçu qızlarımızın da yaxşı çıxış edəcəyinə inanırıq. Bu yarışlarda ümumilikdə 9 medala ümid edirəm. Fikrimcə, Parisdəki nəticələrimiz Tokiodakından daha çox olacaq. Təbii ki, istərdim mükafat sayı 9-dan da artıq olsun. Lakin hazırkı proqnozlar bunu göstərir".

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO