Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürüb.
Bizim.Media xəbər verir ki, “New In Chess Classic” adlanan turnirdə şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edirlər.
MÖVZU İLƏ BAĞLI:
Məmmədyarov və Rəcəbov bu gün Çempionlar Turunda mübarizəyə başlayır
Bu gün şahmatçılarımız ilk 5 turda mübarizə aparıblar. Şahmatçımız T.Rəcəbov birinci və ikinci turlarda Q.Cons və A.Tariyə qalib gəlib, üçüncü turda L.Aronyanla heç-heçə edib. Dördüncü turda Y.Kristyensen üzərində qələbə qazanan şahmatçımız günün son turunda M.Karlsenlə oyunu heç-heçə ilə başa vurub.
Teymur Rəcəbov 5 turun nəticəsinə görə, 4,5 xalla turnir cədvəlinin vahid lideridir. A.Firuzca və M.Karlsen 3,5 xalla sonrakı pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov isə birinci turda H.Nakamuraya uduzub, ikinci turda isə A.Firuzcaya, daha sonra Y.Dudaya qalib gəlib.
Dördüncü turda R.Praqnanandha ilə heç-heçə edən şahmatçımız günün son turunda U.Soya məğlub olub. Nəticədə, Ş.Məmmədyarov 2,5 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
Bizim.Media