"Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı. Komandam bu oyuna çox istəkli çıxmışdı. Əzmkar oyun göstərdilər. Sona qədər qələbə qazanmaq haqda düşünürdük. Ani vəziyyətdə qol buraxdıq. Sonradan etdiyimiz əvəzetmələr oyunumuzu daha da gücləndirdi. Qol vurduq və bir neçə 100 faizli imkanlarımız var idi. Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi. Birinci oyunda olduğu kimi qol epizodlarından istifadə edə bilməməyimiz öz sözünü dedi".
Bizim.Media Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bolqarıstanla keçirilən matçdan (1:1) sonra Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Hakimlikdən razı qaldız?
- Bu haqda danışmaq istəmirəm. Hiss olunurk i, bəzi epizodlarda əleyhimizə qərarlar verirdi. Bu da komandamızı bərkidir. Komanda buna hazır olmalıdır ki, psixoloji baxımdan inkişaf edək.
- Millidə məğlub olmayaraq komandanı tərk edən baş məşqçi olmaq istəyirsiz, yoxsa uduzsanız da yolunuza davam etməyi fikirləşirsiz?
- Elə sualdır ki...Tarixə düşmək yaxşıdır. Amma oyunlara bu yöndən yanaşmırıq. Qısa müddətdə istədiyimi futbolçulara çatdırmağa çalışdım. Gələcəyə ümid verdik ki, oyunumuzu daha da inkişaf etdirə bilərik. Yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Komandada rəqabət olarsa, inkişaf görəcəyik. Təəssüf ki, Vüsal İsgəndərli dünənki məşqdə zədələndi. Onu da Emil kimi bu oyunda da yoxlamaq niyyətindəydik. Məncə, özü haqda yaxşı təəssürat yaratdı. Məncə, bu uşaqları milliyə cəlb etmək lazımdır.
- Bu iki oyunda hücumlarımız çox oldu. Amma epizodlardan istifadə edə bilmirdik...
- Məşqlərdə işləyirdik ki, rəqibi pressinqdə saxlayaq. Əks-hücumlarımız da yaxşı alınırdı. Epizodları reallaşdırmağa gəldikdə, futbolçularımızı günahlandırmaq istəməzdim. Hücumdakı oyunçularımız hələ o formada deyil. Sevindirici haldır ki, Musa meydana girib qol vurdu. Klubuna qayıdanda ruh yüksəkliyi olaca.q Ramil Şeydayev "Qarabağ"dakı kimi deyil, amma əlindən gələni etdi. Renat Dadaşova gəldikdə, o da aktiv idi, qol duyumunu itirib. Musaya demişdim ki, cərimə meydançasının içində ol, o da bunu edib qol vurdu.
- Sonradan meydana daxil olanlar daha əzmkar oyun nümayiş etdirdi. Ceyhun Nuriyev və Emil Mustafayevdən razı qaldız?
- Əsas heyətdə meydana çıxanlardan taktiki baxımdan razı qaldım. Vacib olan intizamı pozmamaq idi. Komandamdan birinci yarıda bunu gördüm. Pressinq edirdik. Komanda tapşırıqları yaxşı yerinə yetirdi. Hazırlıq durumundan da çox şey asılıdır. Emil Mustafayevi götürsək, öz klubunda daim əsas heyətdə oynamır. Onu gücündən sonradan meydana buraxaraq istifadə etmək istəyirdik. Ceyhun Nuriyevi də sonradan meydana daxil etdik ki, hücum planında kömək olsun. Filip Ozobiçi də meydana buraxdıq. Risk edərək hücumu gücləndirdik. Sevindirici hal odur ki, son saniyədə komanda ikinci qolu da vurmaq istəyirdilər.
- Adətən köməkçi məşqçi olmusuz. Bu dəfə isə əsas baş məşqçi idiz. Bu iki görüşlərdə daha çox kiminlə məsləhətləşirdiz?
- Yanımda üç köməkçim var: Kamran Ağayev, Füzuli Məmmədov və İlham Yadullayev. Hamısından razıyam. Qısa müddətdə yaxşı işlər gördük. Məşqçilər korpusumuz kiçik idi, amma 10 nəfərin əvəzini verdik. Hər gün yığışıb, rəqiblərimizi analiz edirdik.
- Sosial şəbəkələrdə millini oyununa görə tərifləyirlər. Amma azarkeşlər Renat Dadaşov və Ramil Şeydayevdən narazıdırlar...
- Təbii ki, bizim azarkeşlər rəqibdən asılı olmayaraq dominantlıq etməyimizi xoşlayırlar. Çalışdın ki, bu oyunlarda futbolçu resurslardan istifadə edim. Bizim futbolçular topla oynamağı, hücum etməyi sevir, nəinki müdafiə olunmağı. Çalışırdıq ki, hücuma oynayaq, müdafiəni də rəqibin zonasında quraq. Ki, müdafiədə problemlər olmasın. Uşaqlar da bunun öhdəsindən gəldi.
- Emin Mahmudovu hər iki matçda əvəzlədiz. Tam hazır deyil, yoxsa taktiki hazırlıq idi?
- İlk növbədə Eminin zədəsi ilə bağlı idi. Ona minnətdaram ki, toplanışa zədəli-zədəli gəlmişdi. Monqolustanla görüşdə oynatmaq istəmirdim. Amma kapitan kimi bildirdi ki, oynamaq istəyirəm.
Oyunun gedişindən də görünürdü ki, şərtlik çox idi. Mərkəzdə mübarizələr çox idi. Hiss edirdim ki, Eminin ayağında ağrılar var və ona görə onu qoruduq.
- Elvin Cəfərquliyevin oyundan sonra hakimi təhqir etməsi hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələdir. Qurban Qurbanovla və ya Elvinin özü ilə danışıb, ona psixoloji dəstək vermək istəyirsiz?
- Son zamanlar Elvində bir az gərginlik var, psixoloji əsəbilikdir. Mənə elə gəlir ki, bu "Qarabağ"ın "Bayer" və "Braqa" ilə görüşlərdəki qırmızı vərəqələri ilə bağlıdır. Hiss olunur ki, həmin görüşlərdəki qırmızı vərəqələr ona psixoloji sarıdan təsir edib və ondan çıxa bilməyib. Oyundan öncə futbolçulara bildiririk ki, nələrə daha çox diqqət etməliyik. O da intizam qaydalarıdır. Məsələn, Belçika ilə matçda 10 nəfərlə qalmışdıq. Onsuzda çətin idi belə komandalara qaşrı oynamaq. Azlıda olanda isə səhvlərimiz daha çox görünür. Getdikcə Elvin psixoloji gərginlikdən çıxacaq və həm millidə, həm də Qurban Qurbanovun istədiyi amillərə diqqət edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:00 / 26.03.2024
Arif Əsədov: “Sona qədər qələbə qazanmaq haqda düşünürdük”
Hazırda oxunan: Arif Əsədov: “Sona qədər qələbə qazanmaq haqda düşünürdük”
Hazırda oxunan: Arif Əsədov: “Sona qədər qələbə qazanmaq haqda düşünürdük”
184197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.