"Hücumçu axtarırıq" - Rəşad Sadıqov

Hazırda oxunan: "Hücumçu axtarırıq" - Rəşad Sadıqov

178009

“Hər iki komanda çox istəkli idi. Həm turnir cədvəlindəki mövqelər, həm də “Zirə” və “Sumqayıt” arasında oyunlar həmişə maraqlı keçir. Bugünkü matç da istisna olmadı”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sumqayıt”la qolsuz bərabərə qaldıqları görüşdən sonra mətbuat konfransında deyib. 

O, ikinci 45 dəqiqədə tərəflərin çoxlu top itkisinə yol vediklərini bildirib:

“Matçın əvvəlində texniki səhvdən sonra qapımızda penalti gördük. Onun davamında təhlükəli zərbə oldu. Sonradan komanda özünə gəldi. Daha inamlı çıxış etdik meydanda. Bir epizodda Mehdi Cənnətov çox gözəl seyv etdi. Eləcə də penalti epizodumuz oldu. İkinci hissədə də qol şanslarımız var idi. Amma fasilədən sonra hər iki tərəfdə top itkiləri çox olurdu. Meydança amilinin də buna təsiri ola bilər. Yaxaladığımız şanslardan yararlansaydıq, qalib gələ bilərdik. Təəssüf ki, alınmadı. Artıq bu matçı unudub, növbəti tura hazırlaşmalıyıq”.   

R.Sadıqov bildirib ki, qalib gəlib “Sumqayıt”la xallarını bərabərləşdirmək istəsələr də, buna nail ola bilməyiblər:

“Bu gün turnir cədvəlini nəzərə almasaq, hər iki komanda 1 xal qazandı. Amma turnir cədvəlini, eləcə də evdə oynadığımızı nəzərə alsaq, qələbə qazanıb rəqiblə xallarımızı bərabərləşdirmək istəyirdik. Bunun üçün yaxşı epizodlar da var idi. Amma onlardan yararlana bilmədik. Mövsümün əvvəli olsaydı, hər iki komanda bugünkü bir xaldan razı qalardı”.  

Mütəxəssis fasilədən sonra komandasında bir qədər yorğunluğun özünü büruzə verdiyini söyləyib:

“İkinci hissədə bəzi futbolçularda yorğunluq hiss olunurdu. Buna görə də oyunumuzda texniki səhvlərin sayı artmışdı. Çoxsaylı top itkilərimiz oldu. Xüsusən də müdafiədən hücuma çıxanda. Halbuki istifadə etmək üçün yaxşı boşluqlar var idi. Amma ötürmələrimizdə qeyri-dəqiqlik olurdu”. 

“Zirə”nin çalışdırıcısı bəzi futbolçularla danışıqlar apardıqlarını bildirib:

“İkinci hissədə hücumu gücləndirmək istərdim. Lakin ehtiyatda demək olar ki, hücumameyilli futbolçu yox idi. Axtarışlarımız davam edir. Maraqlandığımız futbolçular var. Bəziləri ilə danışıqlar da aparırıq. Hər an hər şey baş verə bilər”. 

Sadıqov “Sabah”ın hücumçusu Davit Volkovun “Zirə”yə mümkün qayıdışını şərh etmək istəməyib:

“Ümumən hücumçu axtarırıq. Alınsa, götürəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO