Azərbaycanda “Qarabağ” klubunu çıxmaq şərtilə futbolumuzun yüksək səviyyədə olmadığı hər birimizə məlumdur. İllərdir futbolumuz tənqid olunur, ancaq dəyişiklik yoxdur.
Ancaq biz bilirik ki, inkişafın bir yolu da Avropa komandalarına yerli futbolçuları satmaqdan keçir. Həmin oyunçular milli komandaya çağırılanda effektini görmək mümkün olur. Son illərdə dost və qardaş ölkə olan Türkiyəni buna nümunə göstərə bilərik. Gürcüstan da oxşar mənada önə çıxan region ölkəsidir.
Bu iki ölkənin klubları bir neçə nəhəng komandaya yerli futbolçularını satmağa müvəffəq olublar.
Bəs biz niyə yerli futbolçuları Avropa bazarına çıxara bilmirik? Çox da üzdə olmayan Avropa komandalarına gedən oyunçularımız da tezliklə ölkəmizə qayıdırlar. Bunun səbəbi nədir? Problem nədən qaynaqlanır?
Telejurnalist, idman eksperti Ceyhun Rzayev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, səbəbləri belə açıqlayıb:
“Azərbaycanda 17 yaşa qədər yaxşı futbolçu yetişdirilir. Ancaq həmin futbolçuların sonradan inkişafı dayanır, çünki ardını gətirə bilmirik. Buna görə də futbolçularımız Avropaya gedib möhkəmlənə bilmirlər. Məsələn, Mahir Emreli nümunəsini deyə bilərik. Legioner həyatı yaşayır, amma heç bir komandada əsas heyətdə möhkəmlənə bilmir.
Digər bir problem mental təfəkkürlə bağlıdır. Azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda çətinlik çəkirlər, darıxırlar. Bu da ailə məsələlərinə söykənir. Lakin digər ölkələrdə 18 yaşından sonra gənclər öz həyatlarını yaşayırlar, kariyeralarını qururlar. Biz təfəkkür olaraq da gec böyüyürük.
Hər bir halda müsbət xəbər də var. Bəzi futbolçularımıza ciddi təkliflərin olduğunu eşitmişəm. Məsələn, Elvin Cəfərquliyevlə “Anderlext” yaxından maraqlanır. Elvinə ümidim böyükdür, Avropaya getsə, normal kariyera qura bilər”.
Məhərrəm Əliyev, Bizim.Media