"Blits üzrə dünya çempionu olmağa çalışacağam" - Şəhriyar Məmmədyarov 

Hazırda oxunan: "Blits üzrə dünya çempionu olmağa çalışacağam" - Şəhriyar Məmmədyarov 

167883

“Avropa çempionatında qazanmaq istədiyimiz nəticənin tam əksi oldu. Peşəkar şahmatçı olaraq, hər şeyi bəxt və ya şanssızlığın üstünə atmaq istəmirəm. Təbii ki, bu amillər də rol oynadı”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında 18-ci yeri tutmaları ilə bağlı danışarkən deyib.

38 yaşlı qrossmeyster bildirib ki, ilk turlarda qələbə qazanmağa yaxın olsalar da, məğlubiyyətlə üzləşiblər: “Görünür, həmin məğlubiyyətlərdən sonra özümüzə gələ bilmədik. Təəssüf ki, istədiyimiz kimi çıxış etmək mümkün olmadı. Son 20 ildə iştirak etdiyimiz və ən pis keçirdiyimiz Avropa çempionatı oldu”.

Onun sözlərinə görə, bu cür hallar istənilən ölkənin şahmat yığmasının başına gələ bilər: “Biz özümüz də belə nəticə gözləmirdik. Bu cür zəif çıxış etməyi istəməzdik. Daha bir neçə il oynamaq imkanımız var. Qarşıdakı qitə çempionatlarında bu uğursuzluğu unutdurmağa çalışacağıq”.

Avropa çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının çıxışını da dəyərləndirən iti zəka sahibi onların inanılmaz dərəcədə inkişaf etdiklərini vurğulayıb: “Son vaxtlar qazanılan nəticələr çox gözəldir. Gənc qızlarımız Beynəlxalq Şahmat Federasiyasının əsas yarışlarında böyük uğurlar qazanırlar. Düşünürəm ki, bundan da yaxşı ola bilərdi. Onların uğurlarına sevinirik”.

Bu ay Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatı ilə bağlı da fikirlərini bölüşən Ş. Məmmədyarov yarışın çətin olacağını əlavə edib: “Dünya şahmatının bütün ulduzları orada mübarizə aparacaqlar. Rapid üzrə dünya çempionu olmuşam. Blits növündə də bu uğuru təkrarlamağa çalışacağam. Artıq şahmat dəyişib. Gənclər daha sürətli oynamağı bacarırlar. Ona görə də dünya reytinqində yuxarı sıralara yüksəlirlər. Hər zaman olduğu kimi, Səmərqəndə ümidlə gedirəm. İnanıram ki, şahmat səviyyəmiz yuxarı yerlər uğrunda mübarizə aparmağa imkan verəcək”.

Qeyd edək ki, rapid və blits üzrə dünya çempionatı dekabrın 25-dən 31-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO