Türkiyənin qadın voleybolçuları 33-cü Avropa çempionatının qalibi adını qazanıblar.
Bizim.Media xəbər verir ki, Türkiyə milli komandası Brüsseldə keçirilən final qarşılaşmasında Serbiya yığmasını ümumi hesabda 3:2 məğlub edərək tarixində ilk dəfə Avropa çempionatının qızıl medalına sahib olub.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada birinci set serbiyalıların 27:25 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə daha üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları 25:21 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdiriblər - 1:1. Qarşılaşmanın üçüncü setinə Türkiyə idmançıları üstün başlasalar da, yüksək əzmkarlıq göstərən serbiyalılar ardıcıl bir neçə xal qazanaraq, seti öz xeyirlərinə başa vurublar - 25:22. Türkiyə voleybolçuları gərgin keçən dördüncü setdə (25:22) qalib gələrək ümumi hesabı bərabərləşdirə biliblər - 2:2. Oyunda sonuncu setdə qələbə qazanan (15:13) Türkiyə millisi tarixində ilk dəfə çempion adını qazanıb.
Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir finalda Belçikanı (3:1), dörddəbir finalda Polşanı (3:0) məğlubiyyətə uğradıb. Yarımfinalda İtaliyaya 3:2 hesabı ilə qalib gələn Türkiyə seçməsi tarixində üçüncü dəfə finalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Türkiyə millisi daha əvvəl iki dəfə - 2003-cü və 2019-cu illərdə Avropa çempionatının finalında iştirak hüququ qazansa da, həmin görüşlərdə uduzaraq gümüş medallarla kifayətlənməli olub. Türkiyə sonuncu finalda məhz Serbiyaya uduzub.
Serbiya isə üç dəfə - 2011-ci, 2017-ci və 2019-cu illərdə Avropa, 2018-ci və 2022-ci illərdə dünya çempionu olub.
Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.
Bizim.Media