Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bağlanış oyununda son çempion “Qarabağ” meydana çıxıb.
Ağdam təmsilçisi “Azersun Arena”da “Kəpəz”i qəbul edib. Birinci turda “Neftçi” üzərində qələbə qazanan gəncəlilər bu dəfə də sensasiya imza atıblar.
Düzdür, Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 9-cu dəqiqədə yeni transfer Olavio Juninyo fərqlənib. Lakin 86-cı dəqiqədə Cavad Kərimov komandasına 1 xal qazandıran qolu vurub – 1:1.
Bu nəticə sayəsində “Qarabağ” xallarının sayını 7-yə, “Kəpəz” isə 4-ə yüksəldib.
Turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”a 3:1, “Zirə” “Sabah”a 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.
Qeyd edək ki, Premyer Liqada V turun matçları sentyabrın 1-3-də keçiriləcək.
Bizim.Media