Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur”

Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur”

Hazırda oxunan: Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur”

149037

"Bizim üçün vacib qarşılaşmadır. Çox intizamlı rəqibə qarşı oynayacağıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma matça pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıyırıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Polşa çempionuna qarşı bir an belə oyundan qopmaq olmaz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Polşa “Rakov”una qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

Mütəxəssis futbolçularının matça məsuliyyətlə hazırlaşdıqlarını qeyd edib:

“Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini sərgiləyək. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”. 

“Qarabağ”ın çalışdırıcısı Şahruddin Məhəmmədəliyevin buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilməsindən xəbərdar olduğunu deyib. O, qapıçının sabah meydana çıxmaq şansının yüksək olduğunu söyləyib: 

“Yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyundur. Start heyət sabah bilinəcək. Şahruddinin oynamaq şansı çoxdur. Fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız”.  

Təcrübəli mütəxəssis ilk görüşdən sonra rəqibi daha yaxşı tanıdıqlarını bildirib:

“Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı matçdan tam fərqli olmalıyıq. Xüsusən də, bir saniyə belə oyundan qopmalı deyilik.  

Bizim hamımız üçün maraqlı rəqibdir. “Rakov”a hörmətlə yanaşırıq. Hər bir komanda ilə təkcə öz oyun üslubu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. Qısa müddətdə uğurlara imza atıblar, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə ediblər.

Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, "Rakov"a simpatiyam oyandı.  

Rəqib oynadığı sistemi, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. "Rakov"a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadadakından daha ciddi olmalıyıq. Olacağıq da”.  

“Qarabağ”ın çalışdırıcısı "Rakov"un sabiq baş məşqçisi Marek Papşun mərhələ adlamaq şanslarının yüksək olması barədə səsləndirdiyi fikrə belə münasibət bildirib:  

“Bu komandanın sistemində yaxşı iş qurulub. Bu gün görünən budur ki, "Rakov" elə formalaşıb ki, hansısa məşqçi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər, hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoldaşlıq görüşü oynamışdıq. Deməmişdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birinə inanırlar. Təcrübələri də artıb.  

Baş məşqçisi futbolun içində böyüyüb, yaşı çox deyil, amma işində məsuliyyətlidir, işlərini yaxşı icra edir. "Rakov" təkcə müdafiədə yox, hər yerdə yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Bu komandaya qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır”.  

Qurban Qurbanov Juninyonun sabah meydana çıxmaq şansının olduğunu deyib:

“Juninyonun vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib”.  

Təcrübəli məşqçi qeyd edib ki, uğur qazanmaq üçün sabah komandası bir an belə konsentrasiyanı itirməməlidir:

“Əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməməlisən. İlk növbədə "Rakov"a imkan verməməliyik ki, oyunlarını qursunlar.  

Digər tərəfdən oyunçularım fərdi ustalığı ola bilər ki, yaxşı nəticə əldə etmək üçün vacib olsun. Amma hər bir halda, öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik.

Çünki bu günə qədər əldə olunan nəticələr bu prinsiplərə görə olub. Amma 90 dəqiqə və ya artıq biz oyundan çıxmalı deyilik. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO