"Qalatasaray" ilə "Fənərbaxça" arasında Superkubok oyunu Bakıda keçiriləcək? – AÇIQLAMA

Hazırda oxunan: "Qalatasaray" ilə "Fənərbaxça" arasında Superkubok oyunu Bakıda keçiriləcək? – AÇIQLAMA

148982

Xəbər verdiyimiz kimi "Qalatasaray" Türkiyə Superkubokunda "Fənərbaxça" ilə matçı Bakıda keçirmək istəyir.

Bu haqda klubun prezidenti Dursun Özbek danışıb. O deyib: 

“Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıda keçirilərsə, orada yaşayan insanlar da sevinərlər. 
Türkiyə Superkuboku uğrunda görüşün Bakıda keçirilmsi üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.

“Qalatasaray” klubunun prezidentinin bu açıqlaması ölkəmizdə maraqla qarşılanıb. Bu həm azarkeşlərin coşqusuna, həm də idman sahəsində iki qardaş ölkə arasındakı əməkdaşlıqda yeni səhifə aça bilər.

Mövzu ilə bağlı Bizim.Media idman mütəxəssislərinin fikirlərini öyrənib.

Beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov qeyd edib ki, superkubok oyununun Bakıda keçirilməsi əla olardı:

“Bu xəbər bilmirəm nə qədər öz təsdiqini tapacaq. Amma bu əla olardı. İdeal bir matç olardı. Yəni Türkiyənin iki ən nəhəng futbol klubunun superkubok uğrunda oyunun Bakıda keçirilməsinə heç kim laqeyd qala bilməz. Həm “Qalatasaray”ın, həm də “Fənərbağça”nın çoxminlik azarkeşləri var. Düşünürəm ki, bu qarşılaşma Olimpiya stadionunda keçirilsə, tribunalar tamamilə dola bilər. 

Doğrudan da biz çoxdandır belə bir oyunu canlı olaraq izləməmişik. Əminəm ki, türkiyəli azarkeşlər məmnunluqla bu matçı izləmək üçün Bakıya gələr. Bəri başdan deyə bilərəm ki, bu matçı canlı izləyənlər xoşbəxt insanlar ola bilər. Ona görə də yenə təkrarən deyirəm ki, gözəl ideyadır. Kaş ki, baş tutsun”.

İdman şərhçisi Rəşad Rafiqoğlu isə bildirib ki, Azərbaycan bəlkə də Türkiyədən sonra bu ölkənin futbolunu ən çox izləyən ikinci ölkədir: 

“İki qardaş ölkə artıq elə yaxınlaşıb ki, hansısa bu tipli tədbirlərin, futbol matçlarının Azərbaycanda keçirilməsi təəccüblü sayılmamalıdır. Superkubok matçının Bakıda təşkili ideyası Türkiyədən gəlib.  Məncə çox gözəl fikirdir. 

Ölkəmizdə həm "Qalatasaray"ın, həm də "Fənərbağça"nın çoxlu azarkeşi var. İnanın ki, bu gözəl bir futbol bayramına çevriləcək. İki ölkə arasında futbol əlaqələrinin daha da inkişaf etməsinə gətirib çıxaracaq. Bakı Olimpiya Stadionu tam dolacaq. "Qalatasaray" artıq Bakıda oynayıb. Bir dəfə rəsmi, bir dəfə də dostluq oyunu. "Fənərbağça" isə Lənkəranda azarkeşlər qarşısına çıxıb. Məncə onlar üçün də Bakıya səfər yerinə düşəcək. Bir sözlə bu matç Bakıda reallaşsa, azarkeşlərə gözəl hədiyyə olacaq”.

Futbol şərhçisi Siyavuş Əliyevin sözlərinə görə, neçə illərdir ki, Türkiyə superkubokunun oyununun Bakıda keçirilməsi xəbərləri dolaşır: 

“Amma təəssüf ki, bu gerçəkləşmir. Son illərdə ölkələrimizin yaxınlığı ən yüksək səviyyəyə çatıb. Artıq Azərbaycan və Türkiyə demək olar ki, bir millət olduğu kimi həm də bir dövlətə çevrilib. Bu baxımdan superkubok oyununun ölkəmizdə keçirilməsi qaçılmazdır. 

"Qalatasaray" və "Fənərbağça"nın Azərbaycanda böyük azarkeş ordusu var. Söylənilənlər reallaşsa , ən böyük hədiyyə elə onlara olar”.

Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO