Paris-2024 Olimpiya məşəli 400-dən çox şəhərdən keçirilərək Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.
Bizim.Media xəbər verir ki, Paris Oyunları Təşkilat Komitəsi 2024-cü il mayın 8-dən iyulun 24-dək Fransa ərazilərindən keçiriləcək Olimpiya məşəlinin marşrutunu açıqlayıb. Bildirilib ki, 65 şəhərdə xalqlar arasında sülh və dostluq rəmzi olan Olimpiya məşəlinin gəlişi təntənə ilə qeyd ediləcək.
Estafetdə 10 min insan iştirak edəcək. Mon-Sen-Mişel, Versal sarayı, Karkason şəhəri, Millo viadükü, Sent-Emillion üzüm bağı, Anqulemdəki komiks muzeyi, Kann festival zalı, Monblan vadisi kimi məkanlar Olimpiya məşəlini qarşılayacaq.
İyunun 8-dən 17-dək okeanlar estafeti baş tutacaq. İyulun 14-də Olimpiya məşəli Parisə çatacaq və 48 saat ərzində bütün rayonları keçəcək. Sonra Sən-Qantən, Bove, Mo, Kretey, Versal və Nanter şəhərlərini dolaşaraq Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.
Bizim.Media