Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan çempionatın sonuncu günündə iki idmançımız dayaq üzərinə çıxıb.
Çempionatda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həmidrza Bədriəliabadi yarışa qələbə ilə başlayıb.
Mali idmançısı Nouhum Diavaranı məğlub edən taekvondoçumuz səkkizdəbir finalda fransalı Omar El Yazididən üstün olub. İdmançımız dörddəbir finalda türk Emre Ateşliyə məğlub olub və çempionatı mükafatsız başa vurub. Bu çəki dərəcəsində qızıl medalı Fili Dişi Sahilindən olan Olimpiya çempionu Şeyx Sallah Sisse qazanıb. Meksika idmançısı Karlos Sansores yarışı ikinci, xorvatiyalı Paşko Boziç və türk Emre Ateşli üçüncü pillədə başa vurublar.
Yığmamızın digər üzvü Səmərrux Osmanova (53 kq) 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşıb. Bu çəki dərəcəsində dünya çempionu adına iranlı Nahid Kiyaniçandeh sahib olub. Çinli Ju Zuo gümüş, Misir təmsilçisi Şahd Alhüseyni və Tatyana Minina (neytral status) bürünc medal əldə ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edib.
Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarət heyətlə qatılıb. Təəssüf ki, təmsilçilərimiz mükafatçılar sırasında yer ala bilməyib.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib.
Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə də, Bolqarıstan son anda müraciətini geri götürüb.
Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib.
Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:39 / 04.06.2023
Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına yekun vuruldu - FOTO
139686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.