Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb.
Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub.
Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb.
Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər.
T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər.
Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb.
Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar.
Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:45 / 05.06.2023
Sərbəst güləşçilərimiz Qırğızıstanda 4 medal qazandılar
Hazırda oxunan: Sərbəst güləşçilərimiz Qırğızıstanda 4 medal qazandılar
Hazırda oxunan: Sərbəst güləşçilərimiz Qırğızıstanda 4 medal qazandılar
139678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.