“Bilirsiniz ki, Cənab Prezidentin ən çox diqqət göstərdiyi sahələrdən biri də idman sahəsidir. İndi işğaldan azad edilmiş ərazilərin bərpası zamanı digər sahələr kimi idmana da geniş yer ayrılacaq. Buna bariz nümunə kimi Ağdam şəhərində inşa ediləcək futbol arenasını misal göstərmək olar.
Ardıcıl olaraq idmanın digər növləri, həmçinin sambonun da inkişafına imkan yaradılacaq. Sambo güləş növünün Ağdam üçün xüsusi əhəmiyyəti var.
Çünki 1985-ci ildə keçmiş sovet ölkələrində olan cəmi üç ixtisaslaşmış sambo məktəblərindən biri də Ağdam şəhərində yerləşib. Biz hamılıqla möhtərəm Prezidentin ətrafında sıx birləşib, bacardığımız sahələr üzrə ona dəstək olmalıyıq. Əminliklə deyirəm ki, bu, xalqımızın, ölkəmizin və rayonumuzun gələcəyi üçün ən uğurlu mübarizədir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib.
Rayonda keçirilən sambo üzrə ölkə turnirində iştirak edən icra başçısı sambo güləş növünün Ağdam və ağdamlılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, sambo güləş növünün Ağdama gətirilməsi 1974-cü illərə təsadüf edir. Bu tarixi isə ağdamlı idmançılar Əbilfəz müəllimlə bağlayır. Dünya şöhrətli samboçuların yetişdirilməsində əməyi olan Əliyev Əbilfəz Cəlal oğlu 1968-ci ilə qədər rayonda sərbəst güləşlə məşğul olur. O sovet ordusunun daxili qoşunlarında hərbi xidmət keçdiyi müddətdə ordu çempionu olmaqla yanaşı, sambonun da sirlərinə yiyələnib.
Hərbi xidməti başa vurub doğma rayonuna qayıdan Əbilfəz müəllim 1974-ci illərdə fərdi qaydada sambo məktəbi yaradır. Həmin dövrlərdə isə keçmiş SSRİ məkanında cəmi iki ixtisaslaşmış sambo məktəbi olub. Onlardan biri Cambul, digəri Maykon şəhərində fəaliyyət göstərib. Üçüncü ixtisaslaşmış məktəb isə Ağdam şəhərində yaradılır. 1985-ci ildə, Ağdam rayon təhsil şöbəsinin nəznində yaradılan sambo məktəbinə məhz Əbilfəz Əliyev rəhbərlik edir.
Rayonda idmanın bu növünə olan maraq, demək olar ki, böyük uğurlara yol açır. Belə ki, məktəbin yetirmələri arasında Azərbaycanın və SSR-nin idman ustası titulları alan, xüsusi ilə dünya əhəmiyyətli yarışların qalibləri olan idmançılar yetişir. Onlara misal kimi Vaqif Bayramovu, Yaquf Həsənovu, Fərhad Ocaqverdiyevi, Nazim Səfərovu, Mübariz İbrahimovu, Ceyhun Məmmədov və s. göstərmək olar.
1993-cü ildə Ermənistan ordusunun şəhəri işğal etməsi sambo məktəbinin də taleyinə köçkünlük həyatı yazır. Uzun illər ağır çətinliklər içərisində fəaliyyət göstərən məktəb ləğv olma təhlükəsi ilə də üz-üzə qalır. Lakin yerli məşqçilərin fədakarlığı məktəbin fəaliyyətini davam etdirir.
Şəhid samboçu Əhliman Ağayevin qardaşı, beynəlxalq dərəcəli sambo ustası Səhliman Ağayev isə hər zaman rayonun sambo ənənələrini qoruyacaqlarına, gələcəkdə güləşin bu növünün Ağdama daha mükəmməl dönəcəyinə heç bir şübhəsi olmadığını bildirir:
“Sambo bizim üçün müqəddəs əmanətdir. Çünki Qarabağ müharibəsinin ilk illərində həm idmanla məşğul olub, həm də döyüşlərə qatılan şəhid samboçularımız az deyil. Qardaşım Əhliman da olmaqla onlar arasında xeyli sayda şəhid olanlar var. Məhz elə buna görə biz Ağdam şəhərinə dönərkən sambonu daha mükəmməl qaydada inkişaf etdirəcəyik”.
Xatırladaq ki, hal-hazırda Ağdam sambo məktəbi rayonun Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Məktəbə SSR idman ustası Nazim Səfərov rəhbərlik edir.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu
- A-
- A
- A+
İdman
08:30 / 09.05.2023
Sambo vətəninə GERİ DÖNDÜ – Bu idman növünü Ağdamla nə bağlayır? – FOTO
Hazırda oxunan: Sambo vətəninə GERİ DÖNDÜ – Bu idman növünü Ağdamla nə bağlayır? – FOTO
Hazırda oxunan: Sambo vətəninə GERİ DÖNDÜ – Bu idman növünü Ağdamla nə bağlayır? – FOTO
134968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.