Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqada 2022/2023 mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində baş tutan final qarşılaşmasında “Express” və “Təhsil” klubları üz-üzə gəliblər.
Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev və Eldar Zülfüqarovun idarə etdiyi görüş “Təhsil”in üstünlüyü ilə başlayıb.
Həlledici qarşılaşmada “quru hesabla” (3-0) qalib gələn “Təhsil” ardıcıl ikinci dəfə I Liqanın qızıl medallarına yiyələnib. Finalda uduzan “Ekspress” ikinci yerlə kifayətlənib. Bürünc medallar isə üçüncü yer uğrunda matçda “Kapitalist”ə 3:0 hesabı ilə qalib gələn “Hərbi İnstitut"a qismət olub.
Görüşdən sonra I Liqada medal qazanan qadın və kişi komandaları mükafatlandırılıb və çempionatın bağlanış mərasimi keçirilib.
Komandalar medallar və kubokla təltif edilib. Mükafatları qaliblərə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayevlə Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri Günay Salamova, Elçin Ağakişiyev və Elqar Bağırov təqdim ediblər.
Qeyd edək ki, qadınların I Liqasında finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.
I Liqa (kişilər)
16 aprel
Final
“Təhsil” - “Express” - 3:0 (25:17, 25:14, 32:30)
Hakimlər: Zaur Hacıyev, Eldar Zülfüqarov
Bizim.Media