Türkiyə və Azərbaycanın futbol çempionatları birləşərsə... – Qurban Qurbanovun təklifinə mütəxəssislərdən MÜNASİBƏT

Türkiyə və Azərbaycanın futbol çempionatları birləşərsə... – Qurban Qurbanovun təklifinə mütəxəssislərdən MÜNASİBƏT

Hazırda oxunan: Türkiyə və Azərbaycanın futbol çempionatları birləşərsə... – Qurban Qurbanovun təklifinə mütəxəssislərdən MÜNASİBƏT

127648

“Qarabağ" - "Qalatasaray" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırarkən Türkiyə və Azərbaycan çempionatlarının vahid liqada birləşməsini istədiyini qeyd edib.

Qurban Qurbanovun bu fikirləri ciddi müzakirələrə yol açıb. Müzakirəyə qoşulanların bir çoxu baş məşqçinin fikirlərini dəstəkləyib. Bununla yanaşı bu fikirlə razılaşmayanlar da olub. 

Bizim.Media məsələ ilə bağlı idman mütəxəssislərinin fikirlərini öyrənib.

İdman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu ideya ilk baxışdan həm azarkeşlər, həm də media üçün samballı görünür:

“Ancaq futbolun inkişafı baxımından sırf bizə xeyirli deyil. Düzdür, bizim klublar Türkiyənin tanınmış klubları ilə oynamaq imkanı qazanacaqlar, rəqabət böyük olacaq. Ancaq digər tərəfdən bizim futbol müstəqilliyini itirir. Çünki müstəqil çempionat başqa şeydir. Həm də bunun iqtisadi tərəfləri var. 

Bir iki klubu çıxmaq şərti ilə digər klublarımızın hər dəfə Türkiyəyə səfər edib qayıtmaq imkanları da yoxdur. Üstəlik, heç Türkiyə tərəfi də buna razı olmaz. Öz klubları qala-qala niyə Azərbaycan komandalarını çempionata buraxsınlar. Orada aşağı dəstədə belə bizim klublardan güclü kollektivlər var. Bir sözlə, ideya samballı görünsə də, onun həyata keçirilməsi hər cəhətdən mümkünsüzdür”.
Beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov isə bildirib ki, Qurban Qurbanovun təklifini başa düşmək olar:

““Qarabağ”ın Azərbaycan çempionatında rəqibi yoxdur. Ona görə də Q.Qurbanov daha güclü klublarla qarşılaşmaq üçün bu ideyanı irəli sürüb. Amma mən qəti olaraq bunun əleyhinəyəm. Əvvəla müstəqil ölkənin öz çempionatı olmalıdır. İkincisi bu idman formatı baxımından da bizə sərf etmir.

Çünki Türkiyə çempionatında yarışsaq, biz Avrokuboklar üçün yerləri itirəcəyik. Təsəvvür edin ki, orada “Qarabağ” belə ilk 5-liyə düşməyə çətinlik çəkəcək. Hələ mən digər klublarımızı demirəm. Ona görə də bu məsələ bizim klublara heç cür sərf etməz”.

İdman şərçisi Vüqar Nəzərli də Azərbaycan çempionatının müstəqil şəkildə keçirilməsinin tərəfdarı olduğunu söyləyib:

“Düzdür, Türkiyə inkişaf etmiş futbol ölkəsidir. Güclü klubları var və həmin klublarla birlikdə oynamaq bizim komandalara xeyir verə bilər. Ancaq bu iqtisadi cəhətdən sərfəli deyil. Çünki bizim klubların büdcələri Türkiyəyə tez-tez səfər edib, oyun keçirmək imkanı vermir.

Biz çempionatımızı daxili imkanlar hesabına inkişaf etdirməli, yeni klublar yaratmalı və yeni sponsorlar cəlb etməliyik. Çempionatda nə qədər çox komanda olsa, bir o qədər rəqabət çox olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO