Qurban Qurbanov “Qalatasaray”a qarşı 12 futbolçu ilə hansı taktikanı quracaq? - DETALLAR

Qurban Qurbanov “Qalatasaray”a qarşı 12 futbolçu ilə hansı taktikanı quracaq? - DETALLAR

Hazırda oxunan: Qurban Qurbanov “Qalatasaray”a qarşı 12 futbolçu ilə hansı taktikanı quracaq? - DETALLAR

127121

Milli komandaların oyunları ilə əlaqədar hazırda çempionatımızda fasilə olmasına baxmayaraq, bu həftə Bakıda ciddi futbol hadisəsi yaşayanacaq. “Qarabağ” və “Qalatasaray” əvvəlcədən razılaşdırdıqları xeyriyyə matçını sabah martın 26-da keçirəcəklər.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmadan gələn gəlir tamamilə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək. Qarşılaşma üçün satışa çıxan biletlərin demək olar hamısının satıldığına görə xeyriyyə matçının əsas qayəsinin baş tutduğunu demək olar. Bunun üçün ilk növbədə “Qarabağ”a və onun dəvətinə razılaşan “Qalatasaray”a təşəkkür düşür. Bu öz yerində. Amma oyun baxımından dəyərləndirsək təbii ki, İstanbul təmsilçisini qeyd-şərtsiz görüşün favoriti saymaq olar.

Cəmi 12 futbolçu ilə

Bəli “Qarabağ” “Qalatasaray” qarşısına məhz 12 futbolçu ilə çıxacaq. Uzun illərdən sonra nəhayət bu mövsüm Ağdam klubu geniş heyət qura bilmişdi və bu Qurban Qurbanova avrokubok və yerli çempionat oyunlarında rotasiya etmək imkanı yaradırdı.

Ancaq “Qalatasaray”la oyun millililərin oyunları vaxtına düşdüyündən bu geniş heyətdən istifadə etmək mümkük olmayacaq. Çünki Azərbaycan, Gürcüstan və Monteneqro yığmalarına dəvət olunan 9 nəfərdən başqa (Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev, Musa Qurbanlı, Luka Quqeşaşvili, Marko Veşoviç) 3 futbolçu da zədəlidir (Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Bədavi Hüseynov). Daha 2 futbolçunun (Marko Yankoviçlə Amin Ramazanov) isə oynayıb-oynamayacağı sual altındadır.

Belə olduğu halda “Qalatasaray”a qarşı şans qazana biləcək futbolçular, yəni son günlər məşqlərdə iştirak edən oyunçular bunlardı: (Maksim Medvedev, Kevin Medina, Rahil Məmmədov, Qara Qarayev, İsmayıl İbrahimli, Julio Romao, Nəriman Axundzadə, Yassin Benzia, Abdulla Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica.) İndi maraqlıdır ki, Qurban Qurbanov cəmi 12 futbolçu ilə Türkiyə nəhənginə qarşı hansı taktikanı quracaq?

“Zirə” və “Şamaxı”dan kömək gəldi

Oyunçu qıtlığına görə Qurban Qurbanov hələ əvvəlcədən digər klublara müraciət edəcəklərini bildirmişdi. Amma iddialılar xüsusilə “Neftçi” heç bir futbolçusunu verməyəcəyini açıqladı.

Bundan başqa “Sabah”dan Coy Lens Mikels və Aleksey Kaşukun Ağdam klubuna kömək kimi veriləcəyi söylənilsə də, bu oyunçular da sabah meydana çıxmayacaq. Əvəzində Ağdam klubunun səsinə səs verən “Zirə” və “Şamaxı” oldu. Qəsəbə təmsilçisindən qapıçı Anar Nəzirov və bir vaxtlar Ağdam klubunda çıxış etmiş haitili Donald Gerye “Qalatasaray”a qarşı oynamaq imkanı qazanacaq. “Şamaxı”dan isə yenə “Qarabağ”a məxsus Rauf Hüseynli və Nihad Quliyev heyətə cəlb olunacaq. Beləliklə “Qarabağ” Türkiyə Superliqasının hazırkı liderinin qarşısına cəmi 16 futbolçu ilə çıxacaq.

Belə vəziyyətdə təbii ki, çempiondan hansısa uğur gözləmək yersiz olar. Amma görüş yoldaşlıq xarakterli olduğundan təbii ki, nəticə önəmli deyil. Amma digər tərəfdən pulunu xeyriyyə məqsədi ilə olsa belə xərcləyən azarkeşləri də düşünmək lazımdır axı. Çünki ölkəmizdə “Qalatasaray” fanatları çox olsa belə futbolsevərlərimiz “Qarabağ”dan da yaxşı və baxımlı oyun gözləməkdə haqlıdır. Ən azından Ağdam təmsilçisinin onların arzularını yerinə yetirəcəyini gözləyirik. 

Azarkeşlər də unudulmayıb

Azarkeşlərdən söz düşmüşkən, onların rahat olaraq Bakı Olimpiya Stadionuna getmələri üçün xüsusi ekspress avtobuslar ayıralacaq. Matçı öz evindən izləmək istəyənlər isə iki kanal vasitəsilə oyuna televiziyadan baxmaq imkanı qazanacaq. Azərbaycanda CBC SPORT, Türkiyədə isə Habel Global telekanalları qarşılaşmanı canlı yayımlayacaq. 

Son olaraq qeyd edək ki, sabah saat 20-00-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” görüşünü Əliyar Ağayevin rəhbərlik etdiyi yerli hakimlər briqadası idarə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO