QƏTƏR-2022: Messiyə yaraşmayan hərəkət, Neymarın göz yaşları və amerikalı jurnalistin ölümü

QƏTƏR-2022: Messiyə yaraşmayan hərəkət, Neymarın göz yaşları və amerikalı jurnalistin ölümü

Hazırda oxunan: QƏTƏR-2022: Messiyə yaraşmayan hərəkət, Neymarın göz yaşları və amerikalı jurnalistin ölümü

108953

Futbol üzrə dünya çempionatı sona yaxınlaşdıqca, əsəblər tarıma çəkilir, həm meydanda, həm də ondan kənarda baş verən maraqlı hadisələrin sayı artır. Elə ¼ matçlarından sonra da maraqlı və qalmaqallı hadisələr baş verib.

Braziliya millisinin gözlənilmədən Xorvatiyaya məğlub olması ¼ finalın əsas sensasiyası sayılır. Çünki pentakampeonlar mundialın əsas favoriti sayılırdı. 2002-ci ildən bəri titulsuz qalan cənubi amerikalıların artıq kubok həsrəti 24 ilə çatdı.
O da əgər növbəti 2026-cı ildə çempion olsalar. Bu məğlubiyyət millidə bir sıra ulduzların o cümlədən Neymarın milli karyeralarını da başa vurması ilə nəticələnə bilər. O, özü oyundan sonra göz yaşlarını saxlaya bilməməsi ilə gündəmə gəlmişdi.


Yeri gəlmişkən, baş məşqçi Tite artıq istefaya göndərilib. Niderland-Argentina matçında isə ara tamamilə qarışıb. Belə ki, 2-0 irəlidə olan Messinin komandasının son dəqiqələrdə avropalıların iki qol vuraraq hesabı bərabərləşdirməsi ulduz futbolçunun xoşuna gəlməyib.

O, qol vurandan sonra rəqibin baş məşqçisi Lui Van Qala qarşı xoşagəlməyən jest edib. Hətta penalti seriyasından sonra təcrübəli baş məşqçi ilə birbaşa mübahisəyə belə girişib. Messini narazı salan isə Van Qalın taktikası olub.

Guya Niderland futbolçularının ancaq uzun paslarla oynaması yaxşı futbol demək deyil. Bu yerdə biz azərbaycanlıların çox vaxt işlətdiyi bir məsəl yerinə düşür. Adama deyən lazımdır ki, sənin Van Qalın taktikası ilə nə işin var.

Özü oyununu oyna, vəssalam. Sözün düzü, Messinin oyundan sonra niderlandlı futbolçu Verqhostu da təhqir etməsi, üstəlik argentinalı futbolçuların sevinərək rəqibə qeyri-etik jestlər göstərməsi də Maradonanın həmyerlilərinə yaraşmadı. İndi isə bir qədər də ¼ final mərhələsində qeydə alınan rekordlar barədə.

Niderland və Argentina milli komandaları arasında keçirilən oyunda (2:2, pen — 3:4) vərəqələrin sayına görə mundial rekordu qeydə alınıb.

İspaniyalı referi Antonio Mateu 1/4 final matçında 3-ü penaltilər seriyasında olmaqla 15 sarı və 1 qırmızı vərəqə göstərib. Hollandiyalı müdafiəçi Denzel Dumfries rəqiblərlə mübahisəyə görə penaltilər seriyasında əvvəl sarı, daha sonra ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Messi və Ronaldo həvəskarları üçün də müqayisə olunacaq statistika var. Argentinalı Portuqaliya millisinin ulduzunu dünya çempionatlarında vurduğu qolların sayına görə keçib. İndi onun aktivində 10, Ronaldoda isə 8 qol var.

Argentina millisi başqa bir tarixi göstərici ilə yadda qalıb. Onlar mundiallarda indiyə qədər 5 dəfə penalti seriyalarında qalib gəliblər ki, bu da dünya çempionatlarında rekord göstəricidir. Niderland millisinin forvardı Vaut Verqhost da millisinin tarixinə düşüb.

O, meydana çıxandan sonra dünya çempionatlarında dubl edən ilk futbolçu olub. Lui Van Qal isə gözlənilmədən millini tərk etdi. Yeni ildən komandaya Ronald Kuman rəhbərlik edəcək. Bir qədər də Argentina millisinin qapıçısı Emiliano Martines haqqında.

O, bir il öncə kopa Amerikanın finalında 2 penalti dəf edərək komandasına titulu qazandırmışdı. Bu dəfə isə 3 penalti qaytararaq yığmanı dünya çempionatının yarımfinalına daşıdı. Təəssüf ki, mundialda bədbəxt hadisə də baş verib.
Belə ki, Niderland-Argentina görüşünü media sektorunda izləyən ABŞ-dan olan jurnalist Qrant Vahl qəflətən yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO