“Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov öz Facebook səhifəsində noyabrın 16-da Mərkəzi Seçki Komissiyasında keçirilən iclasdan yazıb.
Moderator.az həmin statusu oxucuların diqqətinə çatdırır:
"Dəyərli dostlar, hörmətli həmkarlar!!
Noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirildi. İclasda noyabrın 1-də Milli Məclisə (MM) keçirilən seçkilərlə bağlı quruma daxil olan şikayətlərə baxılırdı.
Mənim də namizədi olduğum 33 saylı Xətai 1-ci seçki dairəsindən həm mənim, həm də hörmətli həmkarım Ülkər xanım Musazadənin şikayətlərinə "baxıldı". Baxıldı sözünü ona görə dirnaq altında yazdım ki, Azərbaycanın seçkilər üzrə "İo-Kio babası" Məzahir Pənahov və MSK-nın bir qrup vicdan və reallıq hissindən uzaq şəxsləri hesab etdiyim Natiq Məmmədli, Qabil Orucov kimi seçki maxinatorları bir daha sübut etdilər ki, onları Azərbaycan adlı dövlətin və onun xalqının deyil, öz şəxsi maraqları düşündürür.
Dünən ölkənin onlarla kamera və mikrafonları qarşısında bu "mehriban üçlük" mənə sübut etmək istədilər ki, onlar sən demə az qala dünyanın ən alicənab və demokratik insanlarıymış. Mən isə tam məsuliyyətimlə bəyan etmək istəyirəm ki, həm MSK sədri kimi Məzahir Pənahovun özü, həm də onun bəzi saxtakar DSK sədrlərindən biri olan Əlibaba Bayramov kimi seçki cinayətkarları bu ölkəni əmr və ya göstəriş əsasında, həm də beşcə qara qəpiyə satmaqa hazır şəxslərdir. Yeri gəlmişkən DSK sədrinin saxtakar olmasını mən yox, 17 ölkənin hakimləri rəsmən təsdiq ediblər. 2015-ci ilin oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin parlament seçkiləri ilə əlaqədar bu dairə sədrinin başçılığı altında bu dəfə də saxtakarlıqla "seçdikləri" Hüseynbala Mirələmova görə Azərbaycan hökumətini 30 min avrodan çox cəriməliyib. Bu faktı mən dünən MSK sədri Məzahir Pənahovun diqqətinə çatdıranda hörmətli "İo-Kio baba" çox həyacanlı göründü və bərk təlaş keçirdi. Ancaq dünənki iclas bir də şəxsən mənim üçün tarixə MSK üzvü Qabil Orucov adlı bir cavan oğlanın çox həyasız və vicdansız yalanları danışması ilə yadda qalacaq.
Ancaq, dünən də, bu gün də bir daha o cavan, artıq yalanla, saxtakarlıqla nəfəs alan oğlanın diqqətinə onu catdırıram ki, narahat olmasın. Ondan və saxtakarlıqla Azərbaycan dövlətini az qala bütün dünyada "məşhur" edən MSK sədri Məzahir Pənahovdan fərqli olaraq biz Azərbaycan xalqı və dövləti qarşısında öz oğulluq və vətəndaşlıq borcumuzu kişi kimi vermişik və bundan sonra da verəcəyik. Əgər onların amalı yalan və saxtakarlıq olubsa, bizim amalımız dövlətimizi və dövlətçiliyimizi qorumaq və onu daha da irəliyə aparmaqdır.
Sizləri çox yormamaq üçün bir məqamı qeyd etmək istəyirəm ki, bu ilki seçki "tamaşasının" da sonu bəzi saxtakar və fırıldaqçılar üçün pis qurtaracaq.
Sizlərə söz verirəm ki, dövlətinə və xalqına xəyanət yolu tutan, ancaq hələ ki, tam sona kimi ifşa edilməyən Məzahir Pənahov və Qabil Orucov kimi şəxslər mütləq qanun qarşısında cavabdehlik daşıyacaqlar. Buna öz varlığım qədər inanır və əlimdən gələni edəcəyəm ki, bu hadisə tez bir zamanda baş versin. Və ən azından 33 saylı Xətai birinci seçki dairəsi üzrə namizədlərdən 4 nəfəri MSK sədri Məzahir Pənahova və onun dairə üzrə əlaltısı olan DSK sədri Əlibaba Bayramova, həmçinin heç bir ciddi araşdırma aparmadan yalan məlumatlarla özünü gülünc vəziyyətə qoyan MSK üzvü Qabil Orucova qanunun necə sərt və amansız olmasını sübut edəcəyik. Növbəti addımımız MSK-nın qeyri-qanuni qərarından apelyasiya şikayət vermək və tez bir zamanda hüquqi prosedurları keçib işin tezliklə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilməsi olacaqdır. Paralel olaraq sabah Baş Prokuror Zakir Qaralovun adına seçki saxtakarlığını edən və buna göz yuman, həmçinin şərait yaradan MSK sədri Məzahir Pənahov, MSK üzvü Qabil Orucovla bağlı rəsmi müraciət təqdim ediləcək.
Tanrı bu haqq yolda bizə yardımçı olacaq inşallah!!"


































































































