Premyer Liqaya vəsiqə qazanan Kəpəz Futbol Klubu maliyyə çətinlikləri ilə əlaqədar komanda üçün avtobus almaqda çətinlik çəkir. Buna görə hətta Futbolun İnkişaf Fondu "Kəpəz 100k" adlı layihəyə start verib.
Sentyabrın 7-dən aktiv olan layihədə kəpəzsevərlər öz doğma komandaları üçün müəyyən vəsait ianə etməklə avtobusun alınmasında nəzərdə tutulan 100 000 manat vəsaiti toplamalıdırlar.
Bizim.Media-nın yerli bürosu yığılan məbləğ və kəpəzsevərlərin aktivliyi ilə maraqlanıb.
“Kapaz100k.az” rəsmi saytında azarkeşlərin komandaları üçün etdiyi ianələr və alınan piksellər açıq aşkar görünür. Kəpəz futbolu üçün ən çox vəsaitindən keçən 5-6 nəfər var. Bunlar klubun idarə heyyətinin sədri İlqar Nadiri və onun qardaşı Vüqar Nadiri, iş adamı Zəfər Məmmədov və İlqar Mehdidir. Onların hər biri 64 piksel alaraq, adama 960 manat klub üçün ianə ediblər.
MÖVZU İLƏ BAĞLI:
“Kəpəz”ə avtobus almaq üçün ianə toplanılır
Kəpəzə köməklik əlini uzadanlar arasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkilləri də var. Bundan başqa, xeyli sayda Kəpəzin azarkeşləri də öz vəsaitlərini doğma komandaları üçün xərcləyiblər.
Lakin rəqəmlər onu göstərir ki, bu iki ay yarımlıq müddət üçün çox azdır. Çünki bu müddətdə 7140 pikseldən yalnız 742 pikseli alınıb və 11 130 manat ianə edilib.
Məsələ ilə bağlı Gəncədən olan millət vəkili, Kəpəz Futbol Klunun İdarə Heyətinin üzvü Müşfiq Cəfərov Bizim.Media-ilə fikirlərini bölüşüb:
“Hazırda bu layihə ilə bağlı internet üzərindən sosial şəbəkələrdə, KİV-lər vasitəsilə, Gəncənin müxtəlif yerlərində böyük banerlər yerləşdirməklə komandanı sevənləri məlumatladırmağa çalışırıq. Lakin hazırda vəziyyət onu göstərir ki, bu tam effektiv variant deyil”.
Müşfiq Cəfərov dekabr ayında bu layihənin daha da yaxından tanıdılması və effektivliyini təmin etmək məqsədilə bir sıra tədbirlər nəzərdə tutulduğunu əlavə edib:
“Bu yaxınlarda Futbolun İnkişaf Fondunun rəhbərliyi, Kəpəz Futbol Klubunun rəhbərliyi və Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə mən də iştirak edirdim. Söhbət zamanı Futbolun İnkişaf Fondu "Kəpəz 100k" adlı layihəyəsi ətrafında geniş müzakirələr aparıldı və komandaya bütün mümkün köməkliklər müzakirə olundu.
Həmin tədbirdə qərara alındı ki, dekabrda Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə Gəncədə iş adamları ilə görüş keçirilsin. Çünki burada əsasən maliyyə dəstəyi məsələsidir. Hesab edirik ki, iş adamları doğma komandamıza yardımçı olmaq üçün bu layihəyə qatılacaqlar. Biz layihə ilə təbliğat kampaniyasını bir az genişdirməliyik. Xaricdə yaşayan kəpəzsevərləri də bu layihəyə qoşulmağa və doğma komandamıza dəstək olmağa səsləyirik”.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu