Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq.
A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda - "Liverpul" və İtaliya "Napoli"si İngiltərədə üz-üzə gələcək. Qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qrupun digər görüşündə isə Niderland "Ayaks"ı Şotlandiyada "Reyncers"in qonağı olacaq. Amsterdam təmsilçisi 4 top fərqi ilə uduzsa belə, Avropa Liqasının pley-offuna vəsiqə qazanacaq.
B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən Belçika "Brügge"si Almaniyada "Bayer"lə, "Portu" isə Portuqaliyada İspaniyanın "Atletiko" (Madrid) klubu ilə qarşılaşacaq. "Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparacaq.
C qrupunda bütün suallara aydınlıq gəldiyindən "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) və "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) matçları formal xarakter daşıyacaq.
D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edir. Portuqaliyada "Sportinq" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu, Fransada isə "Marsel" və İngiltərə "Tottenhem"i arasında keçiriləcək oyunlarda qələbə qazanan kollektivlər 1/8 finala yüksələcək. Hər iki görüşdə heç-heçə qeydə alınarsa, "Tottenhem" və "Sportinq" qrupdan çıxacaq. "Ayntraxt" isə yoluna Avropa Liqasında davam edəcək.
Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.
Bizim.Media