Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir.
Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir ki, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Fərrux yüksəkliyində daha bir neçə insan qalığı aşkarlandı - VİDEO
Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.
Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır.
Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir.
Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.
Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır.
“Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur.
Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.
Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media