Artıq üç gündür ki, Şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala bölgəsində yağışlı hava davam edir.
Əgər əvvəlki iki gündə sakit çiskinli yağış yağırdısa ötən gündən başlayaraq yağışlar intensivləşib.
Mütəxəssislər hesab edir ki, yaz yağışları ilk növbədə əkin sahələri üçün əsl məlhəmdir. Taxıl və arpanın inkişaf dövrü olduğundan indi sahələrdə bu məhsullarının kök sistemi daha yaxşı inkişaf edəcək, gələcək baza üçün nəmlilik yaradacaq.
Yağışlı və çiskinli havanın xüsusən temperaturun 20-23 dərəcədən 6-8 dərəcəyə enməsi əsasən hazırda çiçəkləyən və çiçəkləmə fazasında olan albalı, gilas, alma və digər meyvələrin gələcək məhsulu üçün xeyli problemlər yarada bilər. Mütəxəssislər hesab edir ki, son günlər havanın kəskin soyuması bəzən kəskin və dumanın müşahidə olunması çiçəkləyən meyvə ağaclarına ciddi təsir göstərə bilər. Ona görə mütləqdir ki, növbəti günlər aqrotexniki qulluq qaydalarına riayət etsinlər.
Dövlət Yol Polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə tövsiyə edir ki, bölgənin magistral və yollarında ehtiyatlı olsun, sürət həddini keçməsinlər.
Həftəsonu Şəki-Zaqatala bölgəsinə səfər edənlərin mütləq çətirlərini və qalın geyimləri götürmələri tövsiyə edilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu