Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.
Ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu.
Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər.
Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.
Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub.
Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.
*** 15:25
Bakıda Malakan bağı kimi tanınan Xəqani parkının ətrafına avtomobillərlə giriş məhdudlaşdırılıb.
Bizim.Media “avtosfer.az”a istinadən xəbər verir ki, proses bu gün başlayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əraziyə dibçəklər qoyulub. Xəqani parkını avtomobillə dövr eləmək mümkün olmayacaq. Maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər.
Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir. Bundan başqa, bir müddət sonra işin davamı olaraq həftə sonları həmin küçələrə giriş tam bağlanacaq.
Uzun müddətdir aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında, həftə sonları və axşam saatlarında "Tarqovı"ya maşınla gəlmək istəyənlərə görə Sahil metrosunun ətrafında sıxlıq yaranır.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ, bir neçə ildir, müzakirə olunurdu. Belə bir addımın atılması həm ərazidə sıxlığı aradan qaldıracaq, həm də insanların parkda və park ətrafında piyada şəkildə daha rahat hərəkət etməsinə imkan yaradacaq.
Bizim.Media