Büdcəni talan edənlərin yalan arqumenti...

Büdcəni talan edənlərin yalan arqumenti...

Hazırda oxunan: Büdcəni talan edənlərin yalan arqumenti...

77457
Moderator.az kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmovun statusunu oxuculara təqdim edir:

"Hökumət məmurları, xüsusən nazirlər son 10-12 ilin iqtisadi göstəricilərini əvvəlki dövrlə müqayisə edərək, indiki statistik rəqəmlərin dəfələrlə çox, göstəricilərin üstün olduğunu qabardırlar. Əlbəttə, o dövrün Heydər Əliyev zamanına təsadüf etdiyi haqda deyilməsə də, ad çəkilməsə də, söhbətin məhz həmin dövrdən getdiyi tam aydındır. 
Misal üçün, energetika naziri Natiq Əliyev: “Son 10 il müddətində bütün sahədə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir”x9d. “Prezident Ilham Əliyevin Azərbaycanda son 10-12 ildə gördüyü işləri heç kim edə bilməz”x9d - deyə Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Bu yaxınlarda Heydər Əliyev Mərkəzində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda dövlət başçısı bu kimi müqayisələri bir neçə dəfə təkrarlamışdı: “Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. Iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb”x9d və sair.
Həmin tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov da Azərbaycanda son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalının həcminin 3,3 dəfə artdığını deyib: “2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır”x9d. Tədbirdə səsləndirdiyi müqayisənin uğurlu olduğunu zənn edən H.Əsədov AzTV-də çıxış edərək, “son 10 ildə idxal 4,1 dəfə artıbsa, ixracımız 4,5 dəfə artıb”x9d deyə indiki dövlət başçısının fəaliyyəti dövründə kənd təsərrüfatında güya ciddi nailiyyətlərin olduğunu qabarmağa çalışıb.
Əlbəttə, fərqli zaman olduğu kimi heç bir müqayisəyə sığmayan fərqli imkanları nəzərə almadan belə paralel aparmaq mütəxəssisə, peşəkara yaraşmaz. Ancaq istənilən halda kənd təsərrüfatı nazirinin dediklərinin nə dərəcədə dürüst olduğunu bilmək üçün Dövlət Statistika Komitəsinin və Gömrük Komitəsinin məlumatlarına əsasən araşdırma apardıq. Əvvəla onu qeyd etməliyəm ki, həqiqətən də H.Əliyev dövründə kənd təsərrüfatına dövlət dəstəyi yox səviyyəsində idi. Ona görə də həmin illərdə indi olduğu kimi KIV-lərdə aqrar sahəyə dövlət dəstəyi məsələsi tez-tez qabardılmırdı. Ancaq Dövlət Statistika Komitəsinin, Gömrük Komitəsinin məlumatlarına əsasən apardığımız araşdırma nəticəsində deyilənlərdən fərqli, həmin illərlə müqayisədə tamam başqa mənzərənin şahidi olduq. Elə H.Əsədovun AzTV-də yapdığı çıxışından dərhal sonra buğda idxalının son 10-12 ildə 2 dəfə artdığı haqda məlumat vermişdik. Həmçinin qeyd etməliyəm ki, ayrılan sübsidiyalar və dövlət yardımları əsasən bu taxılçılığın inkişafına yönəldiyi halda ölkənin ərzaq buğdasına olan ehtiyacı son 10 il ərzində tam idxaldan asılı vəziyyətə gətirilib.Ona görə də bu məsələyə qayıtmayacam. Digər çox vacib ərzaq məhsulu olan süd istehsalı, idxalı ilə bağlı apardığımız müqayisə ilə sizi tanış edəcəm. Süd istehsalı ilə bağlı onu deyə bilərəm ki, DSK-nın məlumatları inandırıcı görünmür. Bu haqda bir müddət əvvəl də məlumat vermişdik. DSK-nın 2010-cu ildə nəşr edilmiş 2009-cu ilin statistik göstəriciləri məcmusunda ölkə üzrə süd istehsalı 1678114 ton göstərildiyi halda növbəti ildə 2011-ci ildə çap olunan kitabda həmin ilin, yəni 2009-cu ilin istehsal göstəricilərini korrektə edərək rəqəmləri 1433114 tonadək azaltmışdılar ki, 2010-cu ilin istehsal göstəriciləri yüksək görünsün. DSK çəlpəşikliklə məşğul olduğu üçün ölkə üzrə istehsal göstəricilərini yalnız gümanla təxmin etmək olar. Görünür, həmin illərdə DSK bu əməliyyatı yuxarıların göstərişinə əsasən edib. Ona görə ki, məhz 2009-cu ildən başlayaraq xaricdən ölkəmizə damazlıq heyvanların gətirilməsi ilə bağlı sərəncamlar imzalandı. Həmin ildən də “Aqrolizinq”x9d səhmdar cəmiyyətinin xətti ilə Almaniya və Avstriyadan holştin friz, şvis, simmental cinsli damazlıq heyvanlar gətirilir və dəyərinin 50 faizi güzəştlə, dövlət ödənişi ilə yerli fermerlərə verilir. Cins heyvanın real qiymətinin qalan hissəsi - 50 faizi qabaqcadan ödənilməklə üç il müddətinə lizinq yolu ilə sahibkarlara satılır. Onu da qeyd etməliyəm ki, 50 faiz güzəşt məsələsi nisbidir. Misal üçün, bu yaxınlarda Avropa Birliyinin təşkil etdiyi tədbir çərçivəsində Latviyaya səfər zamanı bir fermerin heyvandarlıq kompleksində oldum. Fermerin damazlıq heyvanları haradan əldə etdiyi ilə maraqlandım. Fermer orta hesabla ildə 9-10 ton süd verən cins inəklərin hər birini 1300 avroya Almaniya və Avstriyadan aldığını dedi. Mənim yadıma elə həmin anda bizim fermerlər düşdü. Bizim ölkə üçün hər biri 4,5-5 min avroya alınan inəklər 50 faiz güzəştlə fermerlərimizə 2500 avroya başa gəlir. Onu da qeyd etməliyəm ki, bizim fermerlərə güzəştli şərtlərlə verilən heyvanların qiyməti 3 dəfə baha olmaqla yanaşı, məhsuldarlığı da 2 dəfə aşağıdır. Bütün bunları qoyaq kənara. Bu illər ərzində dövlət büdcəsindən milyonlarla manat maliyyə vəsaiti xərcləyərək xaricdən 10 min başdan çox südlük cins mal-qara gətirilib. Nəzərə alsaq ki, onların baş sayı günbəgün artmalı idi, ona görə ki, gətirilən heyvanlar mayalandırılmış, bala verəcək düyələr olub. Bu gün həmin heyvanların ümumi sayı 30 min başdan yuxarı olmalı idi. Əlbəttə bu qədər say artımı ilə yanaşı, artım özünü məhsulda da göstərməli idi. Bundan əlavə dövlət büdcəsindən 4 milyon manatdan artıq vəsait xərcləyərək artıq 9 ildir ki, Azərbaycanda Süni Mayalandırma Mərkəzi də istifadəyə verilib. Bu qədər dövlət və sahibkarlar hesabına yatırılmış külli miqdarda vəsaitlər, investisiyalar səmərə verdimi?
Azərbaycana xaricdən cins damazlıq inəklər gətirilib. Lakin həmin heyvanların yerli mühitə uyğunlaşmadığı və bir çoxunun tələf olduğu da yaddaşlardadır. Belə olan halda, ölkəyə mütəmadi olaraq cins heyvanların gətirilməsinin mümkün perspektivi varmı? Indi məmurlar səsləndirdiyi müqayisəni H.Əliyev dönəmi ilə müqayisə edəndə aydın olur ki, hətta 2002-cü ildə əsas heyvandarlıq məhsullarının idxalı indikindən xeyli az idi. Belə ki, həmin ildə 15 milyon ABŞ dolları dəyərində, 16,6 min ton süd, qaymaq, kərə yağı və digər süd yağları idxal olunmuşdu. Sonrakı, 2003 ildə bu mallar qrupu üzrə təxmini bir o qədər 15,9 milyon dollar dəyərində 15, 8 min ton məhsul idxal olunsa da 10 il sonra baxmayaraq ki, dövlət büdcəsindən bu sahənin inkişafı adı ilə külli miqdarda maliyyə xərclənilib, bununla yanaşı süd məhsulları idxalının həcmi 2 dəfə artaraq 32 min tona çatıb, dəyər ifadədə isə 3 dəfəyə yaxın artaraq, 44,7 milyon ABŞ dolları təşkil etmişdi. Onu da qeyd etməliyəm ki, kərə yağının, pendirin, qaymağın, quru südün idxal qiyməti dünya bazarında təklif olunan məhsulların qiymətlərdən 4-5 dəfə aşağı dəyərdə sənədləşdirildiyini nəzərə alaraq hesablamalar aparsaq, ölkəmizə gətirilən südün çəkisinin 1 milyon tondan çox olduğu ortaya çıxar.
Ən betəri odur ki, hökumət məmurları südçülüyün inkişafı ilə bağlı ağızdolusu danışdıqları bir zamanda, “Kənd təsərrüfatı ili”x9dndə, yəni bu ilin ilk 3 ayı ərzində keçən ilin anoloji dövrünə nisbətən süd məhsulları idxalı - 12,66 faiz, o cümlədən süd - 6.20%, kərə yağı - 48.43 faiz artıb. Yalnız bu ilin birinci rübündə 9,3 milyon dollar dəyərində süd və kərə yağı idxal olunub. Ölkəyə idxal olunan pendir və digər süd məhsulları haqqında isə hələ ki, məlumat əldə etmək mümkün deyil.
Azərbaycana çoxlu sayda cins mal-qara gətirilməklə paralel ölkəyə daha çox süd məhsulları idxal olunur. Südlük istiqamətdə ölkəyə baha qiymətə, çoxlu sayda cins mal-qara gətirmək və həm də hər il əvvəlki illərlə müqayisədə daha çox süd və süd məhsulları idxal etmək paradoks deyilmi? Südlük istiqamətdə cins mal-qara gətirilirsə, bu, özünü süd, kərə yağı, pendir istehsalında göstərməli deyilmi? 
Bu qədər sərmayənin müqabilində süd istehsalı artmalı idi, ancaq artmır. Bu, qanunauyğunluq baş vermirsə, onda problemin kökünü axtarıb tapmaq lazımdır. Ölkəyə baha qiymətə iribuynuzlu cins mal-qara gətirməkdənsə, mövcud olan cins mal-qaranın tərkibini yaxşılaşdırmaq lazımdır. Bunun üçün keyfiyyətli genetik materiallar gətirməklə süni mayalandırma üsulu ilə yerli şəraitə daha tez uyğunlaşa biləcək cins mal-qara yetişdirmək mümkündür. Yəni mövcud olan damazlıq heyvanlardan südlük istiqamətdə yeni cins alınar və bu da müsbət nəticə verər.
Nəzərə almaq lazımdır ki, ölkənin yem potensialı çox zəifdir. Maldarlığı inkişaf eitdirmək üçün öncə yem bazası yaratmaq lazımdır. Yem az olduğu halda mal-qaranın baş sayını xaricdən cins mal-qara gətirmək hesabına artırmaq tamamilə absurddur, bu halda, məhsuldarlıq arta bilməz. Əksinə, həmin mal-qaranın ölkəyə gətirilərək az yem şəraitində saxlanılması onlarda məhsuldarlığın azalmasına, fiziki cəhətdən zəifləməsinə, ölüm hallarına səbəb olar.
Iqtisadi göstəriciləri H.Əliyev zamanı, dövrü ilə müqayisə edən məmurlar onlara verilmiş bu fürsətdən istifadə edərək keçmişdə pis, indi isə yaxşı olduğunu qabartmaq istəyirlərsə, belə halda heç olmazsa öz keçmişlərinə, vaxtilə öyündükləri liderlərinin apardığı siyasətə hörmətlə yanaşıb ortaya dəqiq rəqəm qoyub müqayisə aparsınlar. Onu da deyim ki, nə H.Əliyevin vaxtında, nə də indi, hökumət məmurları boşboğazlığı azaltmayıb. Milyonlarla büdcə vəsaitini talan edən məmurlar yalnız yalan danışmaqla və ölkə rəhbərinə yarınmaqla əməllərini ört-bastır edirlər. 
Bu günü 10-12 il əvvəlki dövrlə müqayisə edən məmurlar yaxşı olar ki, elə bu müqayisəni həm də Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin anoloji dövrün göstəriciləri ilə müqayisə etsinlər.
MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edərək Belarus birinci yerdə, Qazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 193 kiloqram, Ermənistan üzrə isə 208 kiloqram təşkil edir. Istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 53 faizini təmin edir. 
Onu da qeyd edim ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatında Azərbaycanda adambaşına süd və süd məhsullarının istehlkınin aşağı olduğu qeyd olunur: “Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram istehlak edilir”x9d. Müqayisəyə dəyər!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO