Mühacirətdə olan müdafiə nazirinin keçmiş müavini, Birinci Qarabağ Savaşında korpus komandiri olmuş polkovnik İsa Sadıkov 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi təlimlərdən çox pərt olub və öz təəssüfünü Moderator.az-a göndərdiyi aşağıdakı yazısında belə ifadə edib:
“"Genis miqyaslı" təlimlərə münasibət bildirmək istərdim. Saytlardakı yazıları oxudum, fikirləşdim ki, Azərbaycan ordusu həqiqətən də genişmiqyaslı təlimlərə başlayıb və bu təlimlərə külli miqdarda silah sursat, texnika cəlb olunub. Amma biləndə ki, bu "geniş miqyaslı" təlimlər cəmisi bir gün keçdi və saytlarda yerləşdirilən videoya baxanda gülmək məni tutdu. İllah da İlham Əliyevin hərbi geyimdə və papaqsız orada peyda olması məncə heç yerinə düşmədi...
İkincisi, qeyd edim ki, orada göstərilən texnika artıq bu təlimin sadəcə “quş qoymaq” xatirinə keçirildiyini sübut etdi. Fikir verdinizsə orada nümayiş etdirilən texnika yağın içində idi-yəni təptəmiz-deməli, həmin texnikanı o poliqona və "genişmiqyaslı" əməliyyat aparılan yerə qoşqular vasitəsilə, yəni yük kimi gətiriblər. O texnika özü öz “xod”u ilə gəlsəydi tozun- palçığın içində olmalıydı və əslində təlimlərdə belə də olmalıdır. Sonra fikir verdinizsə orada hər növ texnikadan bir ekzemplyar var idi-yəni 1-2 tank, 1-2 top, BMP, Grad va sairə. Deməli, bizlərə nümayiş etdirilən şou təlimlər yox, gözə kül üfürmək üçün bir ucuz populizm idi.
Və sonda göstərdilər ki, İlham Əliyev va müdafiə naziri oturub yuxarıdan təlimlərə baxırlar-iki 82 millimetr kalibrli minamyotdan atəş açılır. Buna çox güldüm və əmin oldum ki, Ali Baş Komandan öz "güclü" ordusuna etibar etmir. Niyə? Əgər doğrudan da hərbi təlimdisə və artilleriyadan atəş açılırsa, qoy o zaman uzaq məsafəli artilleriyadan da atəş açsınlar-yəni onda artilleriya qabaqda yox, necə ki, minamyotlar-arxada olacaq. Və belə bir məqamda qorxulu an yaşanır, ona görə ki, mərmilər öz pozisiyamıza düşər, yəni onlar olan pozisiyaya. Ona görə də 82 mm-lik minamyotlardan atəş açmaqla kifayətlənirlər, çünki ehtiyatlanırlar. O qədər texnikanin olduğu bir təlimlərdə niyə ancaq minamyotlardan atəş açıldı? Çünki hazırlıqlı deyillər”¦
Məsələ bundadır ki, genişmiqyaslı hərbi təlimlər adətən bir neçə gün ərzində keçirilir və bura bütün növ silah-sursatlar, hərbi texnika cəlb olunur, belə təlimlərdə mütləq hər bir silah növündən də istifadə olunur.
Bu təlimlərə baxarkən yadıma 1981-ci il düşdü. Mən o zaman Almaniyada xidmət edirdim. 1981-ci ilin əvvəlində bizə bildirildi ki, payızda “Varşavskiy Doqovor”dan yoxlama gələcək, onlar sizi yoxlayacaq. Aləm dəydi bir-birinə, Moskvadan da gəldilər və dedilər bütün texnikani təzələyəcəyik, parklar tikəcəyik. Beləliklə, 6 ay ərzində gecə-gündüz təlimlər keçmək əvəzinə parklar tikirdik, beton tökürdük, texnikani təzələyirdik ki, gələn komissiyanın xoşuna gəlsin və bizi qiymətləndirsinlər. Ona görə də 6 ay ərzində nə təlimlər oldu, nə atışmalar, ancaq tikiliş və texnikanı təmizlənməsi, rənglənməsini həyata keçirdik. Payızda nəhəng komissiya gəldi. Bizim hamımıza təptəzə paltar geyindirdilər, inanın ki, hərbi hissə və texnika Zakir Həsənovun təlimində olduğu kimi par-par parıldayırdı”¦
Komissiyanın sədri gəldi və heç bizə salam da vermədi, texnikaya baxmadı, parka da girmədi, ancaq bunu dedi ki, 8 saatdan sonra poliqonda təlimlər başlayır. Poliqon da nə az-nə çox, düz 70 km aralıda və orada bütün növ silahlardan, ordu hissələrindən təlimlərə başlamalıydıq. Aləm yenə qarışdı bir-birina-yolda qalan, itən, dağılan. Bir sözlə, poliqona hərbi hissənin yarısı da çatmadı və qarşıya qoyulan tapşırıqlar da yerinə yetirilmədi. Və bizim hərbi hissəmizə “2” qiyməti qoydular və bütün rəhbərliyi kənarlaşdırdılar. Yəni həmin rəhbərlıik də indiki Azərbaycan ordusunun başında dayananlar kimi elə bilirdilər təzə park tikib texnikanı rəngləyib və ya təzələyib nümayiş etdiməklə gözə kül üfürə biləcəklər”¦
İndi bizimkilər də təlim adı altında şou düzəldirlər və sabah müharibə başlayanda da aləm dəyəcək bir-birinə. Nümayiş olunan o silah-sursatı necə istifadə edəcəklərini çoxları hələ də mənimsəməyiblər. Ona görə də həmin texnikalar, müasir silahlar ancaq muzey eksponatı kimi ildə bir dəfə nümayiş olunur. Adətən əsgərlər avtomat silahdan savayı başqa bir silah növündən istifadə etmir. Bununla ordu qurmaq və torpaqları işğaldan azad etmək olmayacaq. Ona görə də torpaqlarının 20 faizi işğal altında olan bir ordu gerçək hərbi təlimlərdə öz döyüş qabiliyyətini sınaqdan keçirməli və hər an düşmənin burnunu əzməyə hazır olduğunu əyani şəkildə ortaya qoymalıdır.”































































































