“Ona dedim ki, ay kişi, gecə saat 12-də nə demokratiya, nə hüquq?”

“Ona dedim ki, ay kişi, gecə saat 12-də nə demokratiya, nə hüquq?”

Hazırda oxunan: “Ona dedim ki, ay kişi, gecə saat 12-də nə demokratiya, nə hüquq?”

48505

Bir zamanların ən məhşur personalarından olan və müxalifətin mitinqlərinin dağıdılmasında özünəməxsus xidmətlər göstərən keçmiş polis rəisi Nazim Nağıyev Moderator.az-a geniş müsahibə verib. Onunla söhbətin sonuncu hissəsini oxuculara təqdim edirik:

 əvvəli burada-moderator.az/?xeber=48451

-Sizi jurnalistlər və cəmiyyətin küçə-meydana çıxmağa cəsarət edən təbəqəsi müxalifətin mitinqini dağıdan irikalibrli toplardan biri hesab edirdi. Amma deyəsən Binəqədiyə gedəndən sonra müxalifət də xiffətinizi çəkdiyindən meydanlara çıxmaqdan az qala imtina etdi...

-Həmin dövrdə müxalifət də, onlara təsir edən xarici qüvvələr də artıq gücdən düşdülər. Mən deyərdim ki, müxalifət elə son akkordlarını İlham Əliyevin birinci prezidentlik seçkisi dönəmində, konkret olaraq 15-16 oktyabrda başa vurdular. Məhz həmin seçkidən sonra müxalifət öz gücsüzlüyünü və heç nəyə nail ola bilməyəcəyini anlamağa başladı. Məhz həmin seçki müxalifətin arzularının dəfn olunduğu seçki oldu. Doğrudur, sonralar 2005-ci ildə də bir-iki dəfə mitinq keçirməyə cəhd etdilər, amma yenə də uğursuzluğa düçar oldular. Müxalifət başa düşdü ki, qanunsuz yolla hakimiyyəti ələ keçirmək dönəmi arxada qalıb və Azərbaycanda güclü, xalqın dəstəyinə arxalanan hakimiyyət formalaşıb. Amma etiraf etmək lazımdır ki, 2003-cü ildə müxalifət elə hesab edirdi ki, hakimiyyətin bir addımlığındadırlar və hansı yolla olur-olsun onu götürə biləcəklər. Deyim ki, həmin seçkilərdə müxalifətin və onların xarici havadarlarının hakimiyyəti qanunsuz yolla ələ keçirmək üçün ciddi planları barədə əlimizdə təkzibedilməz sübutlar vardı. Yadınızdadırsa 2003-cü ilin 15 oktyabrında axşam mənim Müsavatın qərargahı qarşısına toplaşanlara müraciətim oldu. Orada bir neçə dəfə mitinq iştirakçılarına xəbərdarlıq elədim ki, 15 dəqiqə ərzində dağılmasalar, onlara qarşı güc tətbiq olunacaq. Həmin mitinqlə bağlı kassetlər məndə indi də var. O dövrdə Piter Ayker vardı, beynəlxalq təşkilatların seçkiləri monitorinq edən bir qurumun rəhbəri idi. O həmin ərəfədə elə 15 dəqiqə mənimlə mübahisə apardı ki, mitinqçiləri dağıtmaq olmaz, toplaşmaq onların hüquqlarıdır, demokratiyanın tələbidir. Mən də onu başa salmağa çalışırdım ki, ay kişi, gecə saat 12-də nə demokratiya, nə hüquq? Axı birinin hüququnun qorunması digərinin hüququnun pozulması hesabına baş verməməlidir. Bildirdim ki, sərbəst toplaşma azadlığı haqqında qanun da var və onun tələblərinə əməl edilməlidir. Yəni heç kimə müraciət etmədən, vətəndaşların istirahətini və asayişi pozaraq gecə saat 12-də meydana toplaşıb hakimiyyət əleyhinə qanunsuz çağırışlar eləmək, insanları itaətsizliyə dəvət etmək nə vaxtdan demokratiya olub? Mən onu elə başa saldım ki, deməyə söz tapa bilmədi. Yəni o dövrdə artıq seçkinin nəticəsi elan edilməmiş İsa Qəmbər özünü prezident elan etmişdi. Flora Kərimova, İbrahim İbrahimli, Tahir Kərimli, Çingiz Qəniyev orada çıxışlar edir və məni də hədələyirdilər. Deyirdilər ki, Nazim Nağıyev, dəstəni çək burdan, sən sabah bizim qarşımızda diz çökəcəksən.

-Konkret bu hədəni kim səsləndirmişdi?

-İbrahim İbrahimli və Çingiz Qəniyev.

-İndi deputatdır və hər halda bunu boynuna almaz yəqin...

-O vaxt bunu bir mən eşitmədim ki. Bununla bağlı canlı şahidlər və videosübutlar var. O vaxt biz mitinqi dağıdandan sonra Məhərrəm Əliyev, Cavanşir Məmmədov və Oruc Zalov gəldilər ora.

-İsa Qəmbərin kabinetinə?

-Bəli. İsa Qəmbərin kabinetində Çingiz Qəniyev cumdu mənim üstümə ki, sən bura gəlmə, buraları qatışdıran sənsən. Dedim, özünü ələ al və özü də mərifətlə danış. Nə isə, razılaşdıq ki, camaat dağılışıb getsin, səslər hesablansın, kimin nə qədər səs topladığı müəyyənləşsin, ondan sonra sözünüzü deyin.

-Orada daha hansı söhbətlər oldu?

-Flora Kərimova da çox canfəşanlıq elədi və Oruc Zalov da onun cavabını verdi. Flora Kərimova o vaxt mədəniyyət naziri olmaq arzusunda idi, artıq o bizimlə nazir kimi danışırdı. Deyim ki, tək o deyildi bu cür danışan. Artıq bunlar vəzifələri seçkidən xeyli əvvəldən bölüşdürmüşdülər.

-O vaxtlar həmin kabinetdə olan çoxlu epizodlar barədə şayiələr dolaşırdı...

-Bilirsiniz, bunları mən sizə danışacam, amma yazmağa ehtiyac yoxdur...(Nazim müəllim danışdıqca jurnalist marağı bunu ictimasiləşdirməyi tələb etsə, əslində yazılmalı olan məqamlar olsa belə, amma söz vermişdim...)

-İsa Qəmbərin evinə getmək üçün kimdənsə maşın istədiyi doğrudurmu?

-Yox, onların maşınları orda idi, heç kim onların maşınlarına toxunmamışdı. İsa Qəmbər öz maşınına oturub çıxıb getdi evinə.

-Adətən polis rəisləri təqaüdə göndəriləndən sonra gözdən-könüldən uzaq olmaq yolu seçir, cəmiyyətdə görünməməyə çalışırlar. Amma Sizin polis mundirini soyunub elmi-pedaqoji fəaliyyətə başlamanız, Milli Aviasiya Akademiyasında yüksək pedaqoji postda çalışmanız bir daha onu göstərdi ki, peşəkar polis rəisi yaxşı pedaqoq da ola bilirmiş. Yəni təkcə YAP-ın qurucularından olan Əli Nağıyevin qardaşı olduğunuza görə deyil, siyasi və hüquqi biliklərinizə görə özünüzü təsdiq edə bilmisiniz.

- Əli Nağıyev mənim qardaşımdır və onu deyim ki, qardaşım olduğuna görə demirəm, onu tanıyanlar bilir ki, Əli müəllim mübariz bir adamdır, savadlı və vətənpərvər bir ziyalıdır. Əli Nağıyev SSRİ-nin süqutuna doğru baş qaldıran milli azadlıq hərəkatına fəal şəkildə qoşulan, Azərbaycanın müstəqilliyini və onu gözləyən təhlükləri əvvəldən görən, bilən adamlardan olub. O hamıdan qabaq görürdü ki, Azərbaycanı bu təlatümlərdən çıxara bilən yeganə adam ancaq Heydər Əliyev ola bilər və bu istiqamətdə də çalışırdı. Biz də Əli müəllimin haqlı və düzgün mövqedə olduğunu görərək hamımız Heydər Əliyev yolunda əlimizdən gələn qədər mübarizə aparmışıq. Amma bununla bərabər mən hələ 90-cı ildə Naxçıvanda gedib Heydər Əliyevlə görüşmüşəm. 93-cü ilin fevral ayında isə Heydər Əliyev gecə saat 12-də məni qəbul edib, saat yarım söhbət eləmişik. Deməyim odur ki, bütün bu proseslərdə bacardığımız qədər fəaliyyət göstərmişik, Əli Nağıyev də, onun ətrafında olan adamlar da bunun şahidi olublar. Yəni Azərbaycanın bu günlərə gəlib çıxmasında, Heydər Əliyevin ölkə rəhbəri postuna gətirilməsində az-çox mənim də iştirakım olub. Yəni heç vaxt məni vəzifəyə Əli Nağıyevə görə qoymayıblar. Heydər Əliyev məni şəxsən tanıyırdı, yəqin ki, ya özü göstəriş vermişdi, yaxud nazirimizin özü bunu bilirdi ki, Nazim Nağıyev ona həvalə edən bu işlərin öhdəsindən gələ bilər, ya yox. Onda məni DİN Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini vəzifəsindən götürdülər Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinə rəis qoydular. Bir il həmin şöbədə işlədikdən sonra isə Heydər Əliyevin göstərişi ilə Səbailə polis rəisi təyin olundum. İşlədiyim dövrdə də nazir də, Heydər Əliyev də həmişə işimdən razı olub. Təsəvvür edin ki, hər gün Heydər Əliyev işə gələndə və işdən gedəndə məni görürdü. Çünki onun qarşılanması, yola salınması, müşayət olunması bir nömrəli məsələ idi. Mən həmişə belə hesab edirdim ki, onun təhlükəsiliyinin təmin olunması həyati məsələdir və bizim hüquq-mühafizə orqanlarının başlıca vəzifəsidir.Özü də o dövr çox ağır bir dövr idi, indiyə nə var ki. O dövrdə hər gün Heydər Əliyevin həyatına sui-qəsd və dövlət çevrilişləri təhlükəsi vardı. O vaxt hələ mən DİN-də işləyirdim və Heydər Əliyev Ali Sovetin sədri idi, Türkiyədən Həsən Topu adlı adam gətirmişdilər, gecə Heydər Əliyev işdən çıxanda telestudiyanın həyətindən snayperlə vurmaq istəmişdi. Onu bizim polislər tutub gətirmişdilər. Mən həmin adamın özüylə DİN-də şəxsən söhbət etmişdim. Ondan sonra onunla birgə olan cinayətkar qrupu ifşa etmək üçün yaradılmış əməliyyat qrupunun tərkibində Naxçıvana da getdim. Onları da orda ifşa etdik və həbs elədik. 94-cü ildə də Bakı Şəhər Baş Polis İdarəsində kadrlar şöbəsinin rəisi idim, onda da oktyabr çevrilişi cəhdi baş verdi. Yəni həmin gecəni bütün xalq Prezident Aparatının qarşısına axışdı, böyük bir mtinq oldu. 95-ci ilin mart hadisələri də heç kimin yadından çıxmayıb.

-Polis rəisi işləmək çətindir, dekan olmaq?

-Harda ki, insan məsuliyyət hiss eləyir, harda ki, ona etibar edilən, həvalə edilən işi görməlisən, o işi qanunlar çərçivəsində və yüksək səviyyədə həll etməlisən ki, etibar itməsin. Mən də həyatım boyu harda işləmişəmsə məsuliyyətli olmağa və mənə etibar edilən işi yüksək səviyyədə icra etməyə çalışmışam.

-Elmi dərəcəniz varmı?

-Hüquqşünaslıq üzrə fəlsəfə doktoruyam. Eyni zamanda dosent vəzifəsində çalşıram. Özü də müəllimlik fəaliyyəti lap ürəyimdəndir. Mən elə polisdə işləyəndə də deyirdilər ki, müəllimliklə məşğul olsaydın, daha böyük uğurlara imza atardın.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO