Yanvar 17-də Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətə əsasən məhkəmə prosesi keçirilib.
Azadxeber.net saytının muxbirinin verdiyi məlumata görə, məhkəmə prosesi izləməyə gələn media nümayəndələrinə qapalı keçirilib.
Məhkəmədən sonra jurnalistin vəkili Elçin Sadıqov vəsatətin təmin edilmədiyini bildirib:
“Biz bu qərarı qanunsuz hesab etdiyimizə görə qərardan apellyasiya şikayəti verəcəyik. Pərviz Həşimli bildirdi ki, onun gözlərində də problemi yaranıb. Poliklinikadan həkim gələrək, onu müayinə edib və dərmanlar yazıb, hal-hazırda gözündən müalicə alır”.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.






























































































