Facebook sosial şəbəkəsində “Azadlıq” qəzetinin sabiq baş redaktoru, Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlinin adından statuslar paylaşılır. Əsasən də AXCP-Müsavat qarşıdurmasına aid olan statuslarda Gündüz Tahirli gözlənilməz bir tərəfkeşlik, anti-Müsavat mövqeyi sərgiləyir. Son 15 ildə siyasətə qarışmayan, biznes layihələri ilə məşğul olan G. Tahirlinin qəfildən fəallaşması və AXCP-nin, Əli Kərimlinin mövqelərini müdafiə etməsi bizə qəribə gəldi. Ona görə də müsavat.com G. Tahirlinin elektron ünvanına bu mövzuda bir sorğu yolladı. Gündüz Tahirli həmin sorğunu cavablandırıb. Onu təqdim edirik.
- 15 ilə yaxındır ki, hər hansı siyasi və ictimai fəaliyyətim yoxdur. Bunun özüm üçün prinsipial səbəbləri var. Nə qədər bu proseslərdən kənarda qalmaq istəsəm də, adımın son zamanlar ən müxtəlif rakurslardan hallanmasına təəssüf edirəm. Özü də tək xəbərlərdə deyil, həm də analitik materiallarda (o cümlədən sizin qəzetdə) həqiqətdən çox uzaq olan fikirlər səsləndirilir. Bunlardan hər hansına indi münasibət bildirmək istəməzdim. Adımı israrla gündəmə gətirmək cəhdlərini, gerçəkdən anlamıram, açığı, bu barədə baş sındırmaq da istəmirəm.
Tək onu deyim ki, heç bir sosial şəbəkədə təmsil olunmuram və mənim adımdan yaradılan profillərə heç bir aidiyyətim yoxdur. Sosial şəbəkələrdə mənim adımdan yayılan istisnasız olaraq hər hansı fikir mənə aid deyil. Bunu əvvəlcədən, onları heç oxumadan deyirəm. Və hər kəsdən xahişim siyasi proseslərdən kənarda qalmaq istəyimə anlayışla yanaşmaqdır.





































































































