Altay Göyüşov İsa Qəmbər və Əli Kərimlini sərt ittiham etdi

Altay Göyüşov İsa Qəmbər və Əli Kərimlini sərt ittiham etdi

Hazırda oxunan: Altay Göyüşov İsa Qəmbər və Əli Kərimlini sərt ittiham etdi

39467

Moderator.az tanınmış tarixçi alim Altay Göyüşovun müxalifətin dünəni və bu günü barədəki düşüncələrini təqdim edir:
Dostlar, baxın bu yazı siyası təbliğat məqsədi daşımır. Heç tarixi tədqiqat da deyil. Sadəcə bir iştirakçı və müşahidəçinin subyektıv düşüncələridir. 
1998-ci il Prezident seçkiləri Müxalifət SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlanan təşkilatda birləşib. Lakin Cəbhə və Müsavat vahid namizəd məsələsində ümumi fikrə gələ bilmirlər, qarşılıqlı ittihamlar ifrat həddə çatır. Nəhayət, bir-birlərinə güzəştə getməkdənsə, hakimiyyətə güzəştə gedib, boykot taktikası seçirlər. Sonda SİDSUH yoxa çıxır. Qeyd etməliyəm ki, əksəriyyət İsa Qəmbərin Elçibəyə güzəştə getməli olmasını düşünsə də, mən səhv ya düz əks mövqedə idim. Amma istənilən halda boykot olmamalı idi. Etibar Məmmədovun göstərdiyi nəticəslər də bunu sübut etdi. O vaxt məsələn, Etibara şəhərin mərkəzində indiki Füzuli meydanında görüş keçirməyə icazə verilmişdi. İnsan əlindən tərpənməyə yer yox idi. Mən hərəkatda sıravı üzv kimi iştirak etsəm də, bu dönəmdə hələ heç bir partiyanın üzvü deyildim.
 2000-ci il Parlament seçkiləri Müxalifətin Demokratik Kongress (Demkonqress) adlanan birliyi yaranıb. Uzun müzakirə və ittihamlardan sonra nəhayət Cəbhə və Müsavat proporsional qayda ilə seçkidə iştirak üçün ümumi siyahı hazırlaya bilir. Siyahıda birinci Elçibəy, ikinci Qəmbər, üçüncü Kərimlidir. Lakin təəssüf ki, Elçibəy rəhmətə gedir. Bu əsnada Əli Kərimli Cəbhənin sədri seçilir. İsa Qəmbər isə” dahiyanə” siyası gedişlə Əli Kərimlini Cəbhənin sədri kimi tanımaqdan imtina edir. Demkonqress iki yerə parçalanır. Demkonqress-1 Müsavatin qərargahında və Demkonqress-2 də Cəbhənin qərargahında isclaslarını keçirdir. Müsavat tərəfindən ağır duruma salınmış Əli Kərimli hakimiyyətlə sövdələşməyə gedir. Nəticədə seçkilərdə Müsavat qalib gəlsə də, hökumət parlamentə başda Cəbhə olmaqla bu seçkilərdə tamamilə iflasa uğramış Demkonqress 2-ni buraxır. Hökumət həm də parlamentdə o vaxtkı AXCP-2-nin, partiyanın Müsavatın tanıdığı qolunun rəhbəri Mirmahmud ağaya da yer verir. Lakin müsavatyönümlü Demkonqressin saxta parlamentə getməmək haqqında qərarı olduğundan Mirmahmud ağa mandatdan imtina edir. Bu qərarla razılaşmayıb parlamentə gedən Vaqif Səmədoğlu isə Müsavat sıralarından xaric edilir. 
Nə isə, proprosional qaydada seçkini Müsavatın udması və ən əsası qutudan da həm yerli , həm də xarici müşahidəçilərin gözü önündə Müsavatın çıxması hakimiyyəti çox hiddətləndirmişdi. O vaxt hələ karusel “icad” olunmamışdı. Buna görə də hakimiyyət seçkidən dərhal sonra referendum keçirdib proporsional seçkini ləğv etdi. Bu seçkilər dönəmində mən artıq Müsavat partiyasının üzvüydüm. Əli Kərimlinin AXCP sədri kimi tanınmaması addımının qəti əleyhdarı olsam da, AXCP-nin hakimiyyətlə sövdələşməsi (mən bunu dəqiq bilirəm) nəticəsində mövqeyim onlara qarşı çevrilmişdi. Xüsusən o vaxt AXCP nin yuxarı ranqlı funksioneri olan Qüdrət Həsənquliyevin ANS-də Müsavat 6 faizlik barajı keçməyib deməsindən sonra, az qala deyirdim ki, yaxşı edib Qəmbər Kərimlini tanımayıb:) 
2003 Prezident seçkiləri: tragikomediya davam edir Müsavat “Bizim Azərbaycan” bloku yaradıb, Cəbhə isə Etibar Məmmədovla koalisiyadadir. Səbəb də odur ki, 3 il qabaq İsa Qəmbər Əli Kərimlini tanımaqdan imtina edəndə Etibar Məmmədov onu AXCP sədri kimi tanımışdı və əvəzində prezident seçkilərində dəstəklənəcəyi barədə söz almışdı. İsa Qəmbər sözsüz favorit idi. Əslində sonda Əli Kərimli də Etibar Məmmədovu İsa Qəmbərin namizədliyini dəstəkləməyə razı sala bilmişdi. Düzdür Etibar Məmmədov çox güzəşt istəyirdu, amma əsas odur ki, birinci postu İsa Qəmbərə verməyə razılaşmışdı. O vaxt Etibar Məmədov-Əli Kərimli bloku Müsavat qədər olmasa da, real güc idi. Amma artıq hər şey hazırlanan anda məlum oldu ki, İsa Qəmbər gecə ilə Rəsul Quliyevlə separat saziş bağlayıb. Baş nazir postu Quliyevə söz verilib. Başqa sözlə, İsa Qəmbər Etibara möhkəm atmışdı:) Bunu hamımız televizor ekranlarından gördük. Məmmədov Prezidentliyə namizəd kimi son çıxışını demək olar ki, edə bilmədi. Yeri gəlmişkən, indi Yeni Müsavat qəzetində Cəbhəni söyənlərin bəziləri, o vaxt başqa qəzetlərdə işləyirdilər və Müsavatı söyürdülər. Yəni əslində hakimiyyətin tapşırığı ilə güclü olanı vururdular. Nə isə, seçki qurtaran kimi adəti üzrə Rəsulla İsa bir-birlərini qırmağa başladılar. Etibarla Əli də həmçinin. Mən 2003-də də Müsavatın üzvüydüm. İsa Qəmbərin Etibar Məmmədovu qoyub Rəsul Quliyevlə sövdələşməyə getməsini tarixi səhv hesab edirdim. İstənilən halda bu seçkilərdən sonra 2000-ci ildə bir-birindən düşmən kimi ayrıllıb Demkonqersi parçalayan Kərimli və Qəmbər nəhayət ki, barışıb bir araya gəlmək qərarı verirlər. 2005 Parlament seçkiləri, Azadlıq bloku və YES Ukrayna, Gürcüstanda və Qırğızıstandakı inqilablardan ruhlanan Azərbaycan müxalifəti narıncı rəngli Azadlıq blokunu yaradır. Cəbhə və Müsavat bir araya gəlir. Amma indi ortada yeni oyunçu da var: Prezidentin köməkçisi vəzifəsindən getmiş Eldar Namazov və onun yaratdığı “YES” bloku. İndiki deputat Vahid Əhmədov və Lalə Şovkət də bu blokdadırlar. Bu dəfə hökumət vəfasız hesab etdiyi Əli Kərimlidən imtina edib, koalisiyanı dağıtmaq üçün Müsavatı gözaltı edir. 2003 fəlakətindən sonra artıq Müsavat əzilmiş vəziyyətdə, Kərimli isə yüksəlişdə və müxalifətin lideri olmaq iddiasındadır. Həmişəki kimi hökumət bu dəfə də istədiyinə nail olur. Müsavat seçkidən sonra mitinqə münasibət barədə fikir ayrılığını bəhanə edərək və uğursuzluqda Əli Kərimlini günahlandıraraq əldə olunmuş razılaşmanı pozur və saxta parlamentə gedir. Halbuki 5 il əvvəl oxşar addımı atdığına görə Vaqif Səmədoğlunu partiyadan çıxartmışdılar. Əli Kərimli bu dəfə parlamentə buraxılmır. Müsavat Azadlıq blokundan çıxır. Amma Azadlıq bloku dağılmır. Bu bloka ona verilən parlament yerindən imtina etməklə xeyli hörmət qazanmış Lalə Şovkət qoşulur. Beləliklə, 2000-də Əli Kərimli ilə mandat bazarlığı edən hakimiyyət 2005-də eyni işi Müsavatla görür. Bu seçkidən sonra mən Müsavatdan getdim. 2008 seçkilərində artıq müxalifət yox idi, mən isə ABŞ-da işləyirdim. 2010 Parlament seçkiləri yazdığım kimi 2008-dən sonra müxalifət heç görünmürdü. Cəbhə və Müsavat yenidən canlanmaq üçün “cəhd edirlər”. Bu iki partiyanın Müsavatın keçirilməsi nəzərdə tutulan qurultayında birləşməsi ideyası meydana atılır. Çünki Müsavat nizamnaməsinə görə artıq bu dəfə Qəmbər başqan ola bilməz. Əli Kərimli bu qarmağa keçir. İsa Qəmbər dərhal Lalə Şovkətə qarşı "Rusiya adamısan" ittihamı irəli sürür və Əli Kərimli qəfildən Azadlıq blokundan çıxır, 2000, 2003 və 2005-ci illərdə onu pis vəziyyətdə qoyan Müsavatla müttəfiqlik qərarı qəbul edir. Cəbhə ilə Müsavat parlament seçkilərinə getmək üçün koalisiya yaradırlar. Amma hökumət 2010-da nə Müsavatı, nə də AXCP-ni “parlamentin” kandarına yaxın buraxmır. Müsavat qurultayı, partiyaların birləşməsi-filan mahnıları da tədricən unudulur. Qurultay indiyə kimi keçirilməyib. Isa Qəmbər üçüncü müddət başqanlığını qurultayı müxtəlif bəhanələrlə gecikdirmək hesabına əzmlə davam etdirməkdədir:) Mən hələ də ABŞ-da işləyirdim. 2011-dən 2013-ə 2011-dan bu tərəfə ictimai həyatda yeni canlanma baş verir. İnternetin, bloqların (xüsusən İlqar Məmmədovun bloqunun), gəncliyin, gənc yazarların, facebookun, ziyalıların, ərəb inqilablarının hesabına 2005-dən sonra yoxa çıxmış siyasi həyat yenidən aktivləşir. Lakin bildiyiniz kimi hökumət xeyli adamı həbs edir. AXCP və Müsavat isə bu dəfə də Eldar Namazovun "El" adli təşkilatının iştirakı ilə “Milli Şura”da birləşirlər. İlk baxışda cəlbedici olsa da, mənim üçün aqibəti əvvəldən məlum idi. Bu Şura bir çox səbəblərdən ölü doğulmuşdu (oradakı xeyli dəyərli dostların xətrinə dəyməmək üçün konkretləşdirmək istəmirəm). Qəti əmin idim ki, Milli Şura ölkədə dəyişiklik formatı ola bilməyəcək, ümumiyyətlə bu birlik mahiyyəti etibarilə möhkəm ola bilməz. 2011-ci ilin yayından artıq Bakıdayam:) Üzümüzə 2015 gəlir. Bu barədə xüsusi yazacağam, amma inanıram ki, 2015-də Azərbaycanda parlamentarizm bərpa ediləcək!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO