Bakı Ağır Cinayətlər Məhkəməsində dini fəal, jurnalist Nicat Əliyev və təqsirləndirilən daha 9 nəfərin mühakiməsi oktyabrın 31-də davam edib. Moderator.az-ın “Media forum” saytına istinadən xəbərinə görə, Vəkil Yalçın İmanov deyib ki, prosesdə dövlət ittihamçısı məhkəmənin hökmünə dair təkliflərini irəli sürüb: “Ağlasığmaz cəzalar istənildi. Prokuror Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Valeh Abdullayevə 9 il, Samir Hüseynova 8 il, Elmxan Hüseynova 7 il, Emin Tofidi, Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il həbs cəzası təklifi verdi”.
7 noyabr prosesində vəkillər və təqsirləndirilən şəxslər çıxış edəcək.
Təqsirləndirilənlər qanunsuz olaraq narkotik vasitə saxlamada; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunurlar.































































































