Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə Şəmsiyyə Bəylərqizini 10 il müddətinə azadlıqdan məhrum edib.. Vəkil Tərlan Azayev bildirib ki, məhkəmə hökmü ədalətsizdir: "İranın keçmiş səfiri Əfşar Süleymaninin sifarişilə Şəmsiyyə Bəylərqızına belə bir ağır cəza verilib".
Vəkil həmçinin bildirib ki, Əfşar Süleymanı ilə Şəmsiyyə Bəylərqızı arasında olan mülki iş rayon məhkəməsində düzgün həll edilib: "Buna baxmayaraq, Əfşar Süleymaninin Bakı Ağır Cinayətlər Məhkəməsində qaldırdığı iddiaya yenidən baxılıb və haqsız olaraq onun xeyrinə qərar qəbul edilib".
Vəkil hökmdən apelyasiya şikayəti verəcək.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. İttihama görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.
































































































