Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Türkiyə KİV-inin verdiyi məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçib.
Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı
qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran
Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə
gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu
PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə
göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və
Füzuli rayonlarına yerləşdirilib.
Məlumata görə, bu planı KCK ("Kürd İcmaları
Birliyi") adlı terrorçu təşkilatın idarə heyətinin həmsədri Bese Hozat
həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən
400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu
deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlıların da olduğu
bildirilib.
Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi
fəaliyyət göstərir.
Bununla PKK nə demək istəyir? Dünya Azərbaycanlıları Konqresinin
aparat rəhbəri Samir Adıgözəlli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi
ki, bu olduqca acınacaqlı bir haldır: "Biz PKK-nın türk millətinin düşməni
olduğunu bilirdik. Ancaq bəzən bizə deyirdilər ki, onlar öz istiqlalları üçün
vuruşur. Burda millət faktorunun olmadığını bildirirdilər. Bugünkü hadisələr
bir daha sübut etdi ki, PKK türk qanına susayıb. Qarabağda onların müqəddəratı
həll olunur? ASALA ilə PKK-nın dünyanın müxtəlif ölkələrində birgə həyata
keçirdiyi əməliyyatlara nə ad verəcəklər? Bir daha təsdiq olunur ki, onların
davası türk kimliyilədir. Mən sizin diqqətinizə başqa bir mövzunu da çatdırmaq
istəyirəm. Öcalanın siyasiləşmiş forması olan HDP sədri Dəmirtaş ermənilərə
Dağlıq Qarabağda təcili muxtariyyətin verilməsini tələb edib. Açıq aşkar PKK-nı
müdafiə edən həmin adam hətta Türkiyənin ən ağır günündə belə Rusiyanın
qucağına atıldı. Hesab edirəm ki, bu adamla bağlı bizim dövlət də lazımi ölçü
götürməlidir. Biz PKK-nı ancaq lənətləyə bilərik. Bu bir daha sübut etdi ki,
bir terrorist digərini dar günündə dəstəkləyir. PKK ilə erməni terrorizminin
yeni dostluğu bütün dünyaya bəyan oldu".
www.baki-xeber.com






























































































