"Son zamanlar baş verən hadisələr xoş ovqatdan söz açmağa imkan vermir..."

Hazırda oxunan: "Son zamanlar baş verən hadisələr xoş ovqatdan söz açmağa imkan vermir..."

114088
"Yeni ili və Həmrəylik gününü cəmiyyətimizin hansı narahat əhvalda keçirdiyini müşahidə edirik. Xəzər dənizində neftçilərimizin faciəsi və əksriyyətinin cəsədlərinin hələ də tapılmaması, ardınca dünya iqtisadi böhranı və hökumətin acınacaqlı devalvasiya siyasəti əlbəttə ki, xoş ovqatdan söz açmağa imkan vermir. Çevrəmizdə olan insanların daha da yoxsullaşması, banklara borclu insanların çıxılmaz vəziyyətdə qalması günümüzün reallığıdır. Bununla belə, son hadisələr bir gerçəyi də üzə çıxardı ki, həm dövlət olaraq, həm də ayrıca insanlar olaraq sıxıntılı günlərə hazırlığımız yox səviyyəsindədir. Həm mənəvi, həm də maddi hazırlıqdan söhbət gedir. Biz istənilən vaxt müharibə aparmağa məcbur olacaq bir xalqıq, ancaq günü sabah 22 ildən sonra müharibə başlasa belə, yenə də görəcəyik ki, sanki hər şeyə qəfildən yaxalanmışıq. Xoşladığım aforizmlərin içində Paris kommunası dövrünün burjua liderlərindən biri olan Tyerin sözü xüsusi yer tutur: "Hər şeyə ciddi yanaşın, faciəli yox!" Biz azərbaycanlıların düşüncə sistemində nöqsan olaraq gördüyümüz məhz bu xüsusiyyyətdir. Ciddinin üzərindən adlayaraq faciəlidə qərar tuturuq. Bizim ənənəvi din anlayışımızda da ciddi əxlaq dəyərlərini bir kənara tullayıb yaşamaq üçün faciə motivlərini seçmişik. Qarabağ savaşına da ciddi yanaşma olmayıb, hər zaman faciəli yanaşma olub. İndi də yaranmış çətinliklərə qarşı insanların dirəniş gücünün nə qədər zəif olduğunu müşahidə edirsən və düşünürsən ki, bu sınmışlıqdan, əzilmişlikdən, israfçılıqdan, qaragüruhçuluqdan, proqramsızlıqan necə xilas yolu tapmaq mümkündür. Məhz bu zaman işimizə yarayan bəlkə də yeni təqvim ili ola bilər. Yeni bir başlanğıc, yeni bir fürsəti var. Daha sərt və intizamla çalışmaq, gələcəyin çətinliklərinə daha hazırliqlı olmaq, qənaətcil olmaq, israfa yol verməmək, şöhrətpərəstlik naminə iş görüb çətin duruma düşməmək, faydasız əyləncələrdən uzaq durmaq, başqalarının doğrularını öyrənmək, yanlışlarından ibrət götürmək və s. kimi cəhətləri, davranışları özümüzə təlqin etməyə başlamalıyıq. Tez-tez yaxın çevrədə olan insanlarla hal-əhval tutanda "Necəsiniiz?" sualına aldığım cavab əslində cəmiyyətimizin ümumiləşdirilə biləcək standartı da sayıla bilər: "Birtəhər başımızı girləyirik." Artıq yeni təqvim ilindən başın girlənmək təyinatından düşünüb-tapmaq təyinatına dönüş edək. Hər kəsə Uca Yaradan sağlam bədən, sağlam düşüncə sahibi, faydalı insan olmağı nəsib etsin!"


Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO